“Azərişıq” əhaliyə vəd verdi: “Qışda işıq problemi olmayacaq”

“Azərişıq” əhaliyə vəd verdi: “Qışda işıq problemi olmayacaq”
  28 Sentyabr 2017    Oxunub:5161
Ötən gün Bakı şəhəri ilə yanaşı Sumqayıt və Abşeronın bəzi ərazilərində elektrik enerjisinin verilişində problem yaranıb.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzVision.az-a bildirib ki, Bakı və Abşeron yarımadasında, o cümlədən respublikanın rayonlarında hava şəraitinin dünəndən etibarən kəskin pisləşməsi ilə əlaqədar “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş rejimdə işləyir.
T.Mustafayevin sözlərinə görə, respublikanın bəzi dağlıq rayonlarına güclü küləklə müşayiət olunan qar və sulu qarın yağmasına baxmayaraq, elektrik enerjisi ilə təchizatda heç bir ciddi problem qeydə alınmayıb.

O cümlədən Bakı və ətraf qəsəbələrdə əhali elektrik enerjisi ilə fasiləsiz təmin edilir: “Bu, Azərbaycanda elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, infrastrukturun yenilənməsi istiqamətində prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifəyə uyğun olaraq “Azərişıq” ASC-nin son illərdə gördüyü işlərin nəticəsidir. Dayaqların yenilənməsi, naqillərin kabellə əvəzlənməsi, yeni transformatorların quraşdırılması və digər görülən işlər imkan verib ki, hava şəraitinin kəskinləşməsinə baxmayaraq, abonentlərin elektrik enerjisi ilə təchizatını fasiləsiz həyata keçirək. Artıq tam əminliklə deyə bilərik ki, hava şəraitinin kəskinləşməsi nəticəsində şəbəkədə əvvəllər müşahidə olunan kütləvi qəzalar baş vermir, hansısa fasilə yarananda bu əməkdaşlarımızın çevik müdaxiləsi ilə qısa zamanda aradan qaldırılır” - ASC rəsmisi deyib.

T. Mustafayev əlavə edib ki, “Azərişıq” ASC hazırkı hava şəraiti ilə bağlı yerlərdə operativ növbətçiliyi gücləndirib, mümkün qəza hallarını çevik aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görülüb.

Aytən Zəhra
AzVision.az



Teqlər: Azərişıq  





Xəbər lenti