Stavropolda İlham Əliyevin və Putinin məktubu oxundu

Stavropolda İlham Əliyevin və Putinin məktubu oxundu
  29 Sentyabr 2017    Oxunub:1942
Sentyabrın 28-də Stavropolda “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət böyük nümayəndə heyəti iştirak edib. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb.

Tədbirin əvvəlində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına təbrik məktubları oxunub.

Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunda qeyd olunub ki, iki ölkə məmurlarının, biznesmenlərinin və ekspertlərinin hər il keçirilən görüşləri artıq xoş ənənə halını alıb. Bu cür tədbirlər mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu meydançaya çevrilib. Əlamətdar haldır ki, əməkdaşlığın ticarət-iqtisadi əlaqələrdən humanitar münasibətlərədək prioritet istiqamətləri forum iştirakçılarının diqqət mərkəzindədir. Məktubunda forum çərçivəsində qarşılıqlı fəaliyyətin əsas cəhətlərinin nəzərdən keçirildiyini, müqavilələr və sazişlər bağlandığını, biznes-layihələr irəli sürüldüyünü və gələcək təşəbbüslər üçün əlaqələr qurulduğunu vurğulayan Prezident İlham Əliyev bütün bunların ölkələrimiz arasında konstruktiv dialoqun dərinləşməsinə töhfə, Azərbaycan-Rusiya əlaqələrinə impuls verəcəyini qeyd edib. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, budəfəki görüşdə yaranacaq yeni ideyalar və birgə layihələr də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsi istiqamətində daha bir addım olacaq.

Rusiya Prezidenti Vladimir Putin tədbir iştirakçılarına müraciətində qeyd edib ki, forum Moskva ilə Bakı arasında strateji əməkdaşlığın inkişafında mühüm rol oynayır, ikitərəfli əməkdaşlıq potensialını səmərəli həyata keçirməyə kömək edir. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, açıq və konstruktiv diskussiyalar praktikada tətbiqini tapacaq.

Forumda hər iki tərəfi təmsil edən 400-dən çox nümayəndənin iştirak etdiyini diqqətə çatdıran Stavropol vilayətinin qubernatoru Vladimir Vladimiriov bildirib ki, Stavropol ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ildə 130 milyon dollar təşkil edir. Qubernator Azərbaycan şirkətlərini diyarın kurort şəhərləri ilə fəal əməkdaşlığa çağırıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Rusiyada Azərbaycan diasporunun fəaliyyətinə xüsusi yer ayıraraq deyib ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması məyusedici haldır. Səfir diaspor təşkilatlarının işinə dövlət dəstəyinin əhəmiyyətini vurğulayıb və ÜAK-ın fəaliyyətinin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iki ölkə arasındakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək deyib: “Rusiyanın 8 regionu Azərbaycanla fəal əməkdaşlıq edir, burada 650 müştərək şirkət fəaliyyət göstərir. Biz Azərbaycanla əczaçılıq və turizm sahələrində əməkdaşlığı inkişaf etdiririk. Birgə layihələrimizə 500 milyon dollar sərmayə yatırılıb. Bu layihələr üçüncü ölkələrdə də həyata keçirilir”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev forumun yüksək səviyyədə təşkilinə görə Stavropol diyarının qubernatoru Vladimir Vladimirova təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlıq münasibətlərinin dinamikasından danışan nazir deyib ki, iki ölkə arasında iqtisadi sahədə 200-dən çox müqavilə imzalanıb. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən 70 şirkəti ölkəmizə 3 milyard dollar sərmayə yatırıb. Eyni zamanda, Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına 1 milyard dollar investisiya qoyublar.

İclasda Rusiya İxrac Mərkəzinin baş direktoru, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Mixail Fradkov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Axundov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Bakının Nərimanov Rayonunun İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digərləri çıxış ediblər.

İclasın sonunda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti