Azərbaycan daha bir təşkilatda təmsil olunacaq

Azərbaycan daha bir təşkilatda təmsil olunacaq
  29 Sentyabr 2017    Oxunub:1310
Bu gün Azərbaycanın Niderland Krallığındakı və eyni zamanda Kimyəvi Silahların Qadağan olunması Təşkilatındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev mənzil qərargahı Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatının baş direktoru Ahmet Üzümçü ilə görüşüb.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə A.Üzümçü Azərbaycanın 2017-2019-cu illər üçün Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının İcraiyyə Şurasının üzvü seçilməsi münasibəti ilə təbrik edib.

O, bu hadisəni Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində artan nüfuzunun göstəricisi olduğunu qeyd edib.

C.Mirzəyev isə bildirib ki, 2013-cü ildə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Nobel mükafatına layiq görülməsi, bu təşkilatın dünyada sülhün və təhlükəsizliyin qorunmasına verdiyi töhfənin əyani göstəricisidir və bu işdə A.Üzümçünün rolu danılmazdır.

Həmçinin, Yaxın Şərqdə vəziyyət və Kimyəvi Silahların Qadağan olunması Təşkilatının bü xüsusda oynadığı rol və habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə azərbaycanlı mütəxəssislərin Kimyəvi Silahların Qadağan olunması Təşkilatında təmsil olunması məsələsi ilə bağlı müvafiq addımların atılması ilə bağlı razılıq əldə olunub.

AzVision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti