Korrupsiyaya qarşı mübarizə daha da gücləndirilib - Baş Prokuror

Korrupsiyaya qarşı mübarizə daha da gücləndirilib - Baş Prokuror
  30 Sentyabr 2017    Oxunub:3676
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətini ötən bir il ərzində prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə quraraq mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə çalışıb.
AzVision.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Baş prokuror qeyd edib ki, ötən bir il ərzində Baş İdarə tərəfindən vətəndaşların 6571 müraciətinə baxılıb: "Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş ilkin müraciətlərin böyük əksəriyyətinin müsbət həll olunması təmin edilib, 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, həmçinin digər müraciətlər üzrə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülüb. Başlanılmış cinayət işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq davam etdirilir. Bu müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam tənbehi qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Aşkar edilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin, habelə bu sahələrdə mövcud qanunvericilikdəki boşluq və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunub".

Z. Qaralov bildirib ki, ötən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 232 şəxs barəsində 180 işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib: "Həmin cinayət işləri əsasən mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, səhlənkarlıq, hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə və digər faktlarla əlaqədar olub. İstintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 30 təqdimat verilib, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib".

AzVision.az


Teqlər: Zakir-Qaralov   Baş-Prokurorluq  





Xəbər lenti