Bərabər yürüdük biz bu yollarda... – AzVisionun 5 yaşı oldu

Bərabər yürüdük biz bu yollarda... – AzVisionun 5 yaşı oldu
  02 Oktyabr 2017    Oxunub:17212
“Onsuz da 2 aydan sonra dünya dağılacaq...” – Bu cavab orijinallığı ilə yadımda qalıb, çünki işə dəvət etdiyim jurnalistlərin çoxu “Onsuz da seçkidən sonra bağlanacaqsınz” kimi banal səbəb gətirərək, boyun qaçırmışdılar. 2012-ci ilin oktyabrın 1-i idi, müsəlman xalqımız bütpərəst hinduların təqviminə əsasən dünyanın sonunun çatdığına inanır, mağazlarda “Qiyamət şamı” adı ilə satılan iri-iri, qol yoğunluğunda şamları alıb, evə yığırdılar. Tərs kimi, o vaxtdan bəri ölkədə işıqlar da sönməyib, ona görə, maraqlıdır: həmin şamlar nəyəsə yaradımı?
Sonra Qiyamət təxirə salındı və söhbəti belə fırlatdılar ki, Maya təqvimi dünyanın qurtarmasını yox, hansısa yeni dövrün başladığını bildirirmiş. Dünyada başlayan nə dövr idi, onu dəqiq deyə bilmərəm, amma Azərbaycan mediasında ciddi ictimai-siyasi-sosial jurnalistikanın həqiqətən də yeni bir səhifəsi açıldı AzVisionun gəlişi ilə.

Bu gün Azərbaycanda 350-yə yaxın gündəlik yenilənən xəbər saytı var. Amma neçə redaksiya var – Hamletin sözü olmasın, sual, bax, budur! Yəni o saytlardan neçəsi fiziki olaraq, qonaq gedib, oturub, bir stəkan çay içmək mümkün olan məkanlarda yerləşir? Neçəsinin 2-dən çox əməkdaşı var? Media səhnəsindəki “1 nəfər + 1 noutbuk” duetlərini kənara qoysaq, ortada qalan əsl kütləvi informasiya vasitələrinin sayı azdır, onların arasında cidd xəbərlər, reportajlar, müsahibələr, təhlillər hazrlayan saytları isə barmaqla saymaq olar. Bir əlin barmaqları ilə.

Həmin ciddi, peşəkar jurnalistika cəbhəsinin əsas cinahlarından biri bu gün məhz AzVisiondur.
AzVision yaranan ərəfədə Azərbaycanda belə bir stereotip düşüncə formalaşmışdı ki, ciddi jurnalistika ilə oxucu toplamaq mümkün deyil. Oxunmaq istəyirsənsə, mütləq “öldürdü”, “zorladı”, “soyundu”, “bunu da etdi” başlıqlı xəbərlər verməlisiniz. Bağıran başlıqlara bükülmüş zibil – saytların əksəriyyəti oxucusuna bu qiyməti qoyurdu, açığı, elə indi də qoymaqda davam edirlər. Fərq ondadır ki, indi AzVision da var və 5 ildə sübut etməyi bacarıb ki, oxucunu ciddi, səviyyəli jurnalistika ilə də cəlb eləmək mümkündür.

Ona görə də, süni təvazökarlıq etmədən deyim ki, bu gün AzVision Azərbaycan jurnalistikasında özəl bir yerə sahibdir. Ölkənin daxili media məkanından başqa, 7 xarici dildə də ciddi və dövlətin maraqlarına uyğun xəbər siyasəti yürüdürük. Burada çox vacib bir nüans var: Məsələ xarici versiyanı yaratmaqda deyil, məsələ onu müntəzəm yenilənən, vacib hadisələri dərhal tərcümə edib, dünyaya çatdıran resurs kimi işlək saxlamaqdadır. Bu baxımdan çempionluq bizə məxsusdur.

5 il əvvəl balaca bir otaqda cəmi bir müxbir ilə işə başlayanda mən AzVisionun 50 nəfərlik böyük bir media qrupu olacağını düşünürdümmü? Səmimi deyim ki, özümə inandığım üçün ölkənin media məkanında “Günəşin altındakı yerimizi” tutacağımıza heç bir şübhəm yox idi, amma BBC daxil olmaqla, dünyanın aparıcı KİV-lərinin bizə istinadlar edəcəyi, ABŞ siyasətinin Con Makkeyn kimi patriarxının rəsmi tvitter səhifəsində AzVisonun materialını paylaşacağı haqda xüsusi gözləntilər yox idi. Böyük hədəflər artıq yolu gedərkən, öz gücümüzü gördükcə formalaşmağa başladı.

AzVision 5 ildə 2 nəfədən 50 nəfərə qədər böyüyə-böyüyə inanılmaz yol keçdi. 5 ildə 5 ofis dəyişməyimizin səbəbi də bu idi: Durmadan inkişaf edir, böyüyürdük və bir müddət sonra olduğumuz yer bizə dar gəlirdi.



Biz bu yolu gəldikcə böyüdük, gücləndik, çoxaldıq və indiki peşəkar komanda halına yetişdik. Ona görə də, mən həmin yolu qısaca xatırlatmaq istəyirəm.

...2012-ci ilin noyabrında bizim artq 4 nəfərlik komandaya Səbinə Həsənova (Ləqəbi: Müəllimə) qoşuldu. İTV-də, sonra “Lider”də ingilis dilində xəbər və təhlil proqramlarının redaktoru və aparıcısı olmuş professional jurnalistin 2 aylıq sayta gəlməsi həyatın maraqlı bir gərdişi idi. Onda hələ bizim heç ingilis versiyamız da yox idi və Səbinə adi müxbir kimi gəlməyə razılaşmışdı. Heç birimiz bilmirdik ki, gələcəkdə əvvəlcə saytın ingilis versiyasını, sonra isə bütünlükdə xarici dilər qrupunu formlaşdırıb, rəhbərlik eləmək onun öhdəsinə düşəcəkdi. Bu gün AzVisionun xarici versiyaların mükəmməl işinin əsas səbabkarı məhz odur – 2012-ci ildə kiçik bir maaşla iki aylıq sayta adi müxbir gəlməyə razılıq vermiş peşəkar ingilisdilli jurnalist!

2013-cü ilin yazında artıq işlər yavaş-yavaş sürət yığır və komandamız da buna uyğun olaraq, genişlənməyə başlayrdı. Hamı görürdü ki, AzVision deyilənlərin əksinə olaraq, müvəqqəti layihəyə oxşamır, əksinə, qarşısına ciddi və iddialı hədəflər qoyur. Həmin ərəfədə son dərəcə peşəkar jurnalist araşdırmalarını bizim saytda dərc etdirən Füzuli Sabiroğlunu mütləq xatırlatmalıyam. O yazılardan biri – jurnalist araşdırmasının klassikası sayıla biləcək “Hüseyn Ərəblinskini Hacı Zeynalabidin Tağıyev öldürtdürüb?” adlı məqalə böyük hay-küy doğurmuş və yeni saytın tanınmasına töhfə vermişdi.



Həmin dövrlərdə Sevinc İltifatqzının (Ləqəbi: Maral) bizə qoşulması tilsimi sındırdı. Ardınca iki jurnalist-rəfiqə şərt qoydular ki, əgər ikisini də eyni zamanda işə götürsək, gəlməyə razıdırlar, amma təklikdə gəlmirlər. Eynilə “Çippolino” multfilmindəki Gilas bacıları kimi. Bunlar Şahanə Rəhimli (Ləqəbi: Şako)Nihadə Eyyubova (Ləqəbi: Avatar) idilər. Bu “Twix” tandemi Nihadə ailə qurana kimi davam etdi.

...Bir gün isə işə gələndə gördüm, divanda tanımadığım oğlan oturub və mənim noutbukumda nəsə yazır. Onda biz hamımız bir otaqda idik, mən də şəxsi noutbukumu iş üçün ofisdə saxlayırdım. Naməlum oğlan nəsə yazdı, kiməsə zəng vurdu, açıqlama aldı, harasa tədbirə getdi, gəldi, yenə yazdı... Mən heç nə soruşmadan, maraqla gözləyirdim ki, bu işin axırı necə olacaq? Haradasa iki həftə biz heç nə danışmadan bu cür davam etdi. Ayın sonunda Maral “Müəllim, Anarın maaşı nə qədər olacaq?”,- soruşanda bildim ki, bu oğlan Anar Kəlbiyev imiş. Dünyada heç kimdən soruşmadan, gəlib işə başlayan nadir insanlardan biri.

Saytın Azərbaycan versiyasının redaktoru Anar Rüstəmovun bizə qoşulması da Maralın xidməti olmuşdu. Anar vicdansız iki dəfə mənimlə danışdı, razılaşdıq, amma gəlmədi. Üçüncü dəfə dedim, “Anar, yenə gəlməsən, feysbukda açıq yazacağam ki, sən “atanşik”sən...” Şantaj işə yaradı: Anar 4 ildir bizim komandanın mərkəz yarımmüdafiəçisi mövqeyində oyunun qurulması üçün çox böyük iş görür. Əla komanda oyunçusu, yaxşı dost, mərd oğlandır.



Rus versiyamız Vzglyad.az-ın yaranması da bir əhvalatdır. Bir qədər axtarışdan sonra məni Balifa Baxşıyeva (Ləqəbi: Balli) ilə calaşdırdılar, görüş təyin elədik, amma mən çox vacib iş dalınca ofisdən getməli oldum. Balli gəlib, oturub məni gözləyib və hər 15 dəqiqədən bir durub ki, “Bu, hörmətsizlikdir, mən gedirəm”. Uşaqlar qoymayıblar. Mənim özümə də zəng vurub, demişdi: “Əgər görüşmək istəmirsinizə, açıq deyin də, daha ofisdən niyə gedirsiniz?..”



2015-ci il intensiv böyümə ili oldu. Aqşin Yeniseyin bizə qoşulması ilə Kirpi.info “kirpi.info” güclənməyə başladı. Bu gün Aqşin olmasa da, Murad Köhnəqalanın redaktorluq etdiyi Kirpi.info-da o vaxt qurulan komanda tam gücü ilə işləyir. Üstəlik, karikaturadan animasiyaya doğru getməkdəyik.

Təxminən həmin dövrdə Günay Arda (Ləqəbi: Ard-Arda) AzVision qrupuna daxil olan Femida.az-a gəldi. İnglis və rus versiyalarının ardınca alman və fransız bölümlərini yaratdıq. Alman versiyasında lap əvvəldən ailəmizə qoşulan Adil Şamıyev (Ləqəbi: Ştandartenführer), fransızda isə Günel İbrahimova (Ləqəbi: Nuvvi) uğurlu tapıntı idilər. Sonradan Zaur Bəndəliyevin (Ləqəbi: Faşist) gəlişi alman versiyasını lap gücləndirdi.

İngilis qrupuna yeni gələndə Türkan Məmmədli bizim öz aramızdakı zarafatları dözülməz hesab edib, işdən getmək istəmişdi. Yaxşı ki, buraxmadıq. Leyla Cabbarzadə (Ləqəbi: Toppuş) isə başqa cürdür: Onunla çox maraqlı zarafatlar etmək olur. Danışanda elə bilirsən ki, böyründə toyuq bilmədən öz cücəsini tapdalayıb, o da bərkdən ciyildəyir...

Saytın ermənidilli versiyasının yaradılması isə çox çətin olmuşdu, çünki kadr tapılmırdı. Zorla tapılan savadlı gənclər də qısa müddət sonra bizdən dövlət qurumlarına işə getdilər. Bu istiqamətdə patriot və ermənilərə xüsusi nifrəti olan Şahin Qocayevin AzVision komandasına qoşuluması işi relsinə saldı və xeyli irəli apardı.

Sonra ispan, ardınca ərəb versiyalarının yaradılması ilə daha da böyüdük.



Mən bu yazıda hamının adını çəkmək istəyirəm, amma təəssüf ki, mümkün deyil. Maraqlı reportajları və müsahibələrilə tanınan, hamını tapmağa qadir “google-adam” Hafiz Əhmədov (Ləqəbi: Hafka), onunla düşmən olan və imkan tapan kimi dalaşan fotoqrafımız Elvin Abdulla (Ləqəbi: Qoca Alliqator), AzVisionun siyasət müxbiri Elvin Abdulqədirov (Ləqəbi: Smaylik), xəbərləri qaçırmamaq üçün bütün günü eynəyinin altından gözlərini bərəldib, monitora baxan İlkin Nəcəfzadə, videolayihələrə başlayanda bizə qoşulan montajçı Bəxtiyar Məmmədov, AzVisionun xarici xəbərlərinə məsul Eldar Tanrıverdiyev (Ləqəbi: Pikaçu), Vzglyad.az-da həmişə anormal dərəcədə pozitiv olan Nina Vaxotina, gözəl tərcüməçi Gülnarə Zeynalova, “femida”dakı politoloqumuz Ceyhun Əhmədli, absurd statuslar yazmaq üzrə böyük mütəxəssis Oğuz Altay, maliyyə işlərində qəpik söhbətinə qədər gedən Miri Məcidli... – bu insanların hər birinin ümumi uğurda öz payı və öz yeri var.



Hər işdə olduğu kimi, bir də pərdə arxasında qalan şəxslər var ki, çox təəssüf, onların adlarını yazmaq mümkün deyil, amma bu adamlar olmasaydılar, olmazdı.

...Əvvəllər, AzVision bir otaqda yerləşən balaca kollektiv olanda yaxın, mehriban və doğma münasibətləri saxlamaq asan idi. Bu gün 50 nəfərlik kollektivdə təbii ki, eyni yaxınlığı və doğmalığı saxlamaq əvvəlki qədər asan deyil, amma mən buna çox çalışıram. Və düşünürəm ki, əsasən, nail oluruq. Dünyada birgə yol getməkdən daha önəmli heç nə yoxdur. Biz isə bir yerdə böyük yol gəlmişik, o yola davam edirik və hələ qarşıda daha nələr olacaq...


Vüsal Məmmədov
AzVision.az -ın baş redaktoru


Teqlər: #AzVision   #Ad-günü  





Xəbər lenti