İslam həmrəyliyində medianın rolu vacibdir

  03 Oktyabr 2017    Oxunub : 1661
İslam həmrəyliyində medianın rolu vacibdir
Hazırda dünyada dinin cəmiyyətdəki yeri son dövrlər daha da möhkəmlənib. Lakin din, konkret olaraq İslam dini siyasi alətə çevrilib. Dünyada azad və tərəfsiz olaraq tanıdğımız bir çox KİV-lər lazım gəldiyi zaman müəyyən məqsədlər üçün istifadə edilir.
Xüsusəndə siyasi istiqamətdə. Son illər Yaxın Şərqdə baş verənləri nəzərə alsaq Qərb mediasının İslam dininə qarşı istifadə edildiyini və onun ali dəyərlərini gözdən salmaqla bağlı mütəmadi işlər apardığını sezməmək mümkün deyil. Mədəniyyəti Şərqdən öyrənən Qərb hazırda onun bütün dəyərlərini dağıtmaqla məşğuldur. Burada isə əsas təsir vasitəsi təbii ki, mediadır. Medianın əsas işi müxtəlif dövlətlərə lazım olanı işıqlandırmaq, müqəddəs kitab “Quran”da olan ifadələrin mənasını dəyişərək dəyərləri tamam itirməkdir. Görünən odur ki, bu gün dünyada media ideoloji sahədə mübarizə və müharibə aparır. Bu isə sonrakı qanlı müharibələrin əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri oxuduqları sözlərlə zəhərlənir. Onlar istəmədən belə müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin.

Din həmrəyliyi Azərbaycanda

Bu gün dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub, dini və etnik müxtəlifl ik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Əslində, Azərbaycan ərazisi bütün dövrlərdə dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb, üstəlik, bura təkcə fərqli dinlərin – yəhudiliyin, xristianlığın mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə üzləşən İslamla bağlı məzhəblərin nümayəndələri pənah gətiriblər.

Lakin son zamanlar ölkəmizin hüdudlarından kənarda idarə olunan müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycanda öz məqsədlərinə uyğun ictimai rəyin formalaşdırılması, radikallıq meyllərinin gücləndirilməsi, dövlət idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Vətəndaşların müxtəlif şirnikləndirici vasitələrlə ələ alınması, radikal dini ideyaların aşılanması yolu ilə onların təfəkkürünün, dünyagörüşünün dəyişdirilməsi, ayrı-ayrı qeyri-qanuni icmalar yaratmaqla və bu qurumların fəaliyyətini istiqamətləndirməklə cəmiyyət həyatının ahəngdar ritmini, mövcud ictimai-siyasi sabitliyi pozmaq cəhdləri güclənib. Həmçinin, yeniyetmələrin, gənclərin təsir dairəsinə salınması, yetişdirilməsi və dövlət orqanlarında yerləşdirilməsi, sonrakı mərhələdə isə onların idarə olunması vasitəsilə dövlətin daxili və xarici siyasətinə təsir imkanlarının əldə edilməsi meylləri müşahidə olunmaqdadır.

İstər Yaxın Şərq, istərsə də bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi kataklizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Təbii ki, mövcud qanunlara və ictimai normalara riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti göstərən təşkilatlara qarşı aidiyyəti orqanlar tərəfindən vaxtında və hüquqi normalar çərçivəsində lazımi tədbirlər görülür. Çünki, Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə, dövlət içində dövlət yaratmaq cəhdlərinə qarşı qəti barışmaz mövqedədir və belə niyyətlər heç vaxt nəticə verə bilməz. Müasir dünyada dini tolerantlıq ciddi siyasi və humanitar məsələlərdən hesab olunur. Məhz ölkəmizdə mövcud olan dinlər, təriqətlər və məzhəblərin müxtəlifliyi bunu təsdiq edir. Bütün bu dini icmalar arasında kordinasiyanı isə əlbəttə ki, uğurlu siyasətə əsas lanan siyasi iradə həyata keçirir.

Mediada din

İnsanlarda din haqqında yeni müfəssəl informasiya, obyektiv, təhrifsiz məlumat və hətta ixtisaslaşdırılmış bilik almağa tələbat yaranıb. Dini informasiyanın həcmi kəskin şəkildə artıb. Dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, vətəndaşları öz yollarından çıxararaq dövlətlə üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və ya təhrik etmək istəyənləri, habelə dövlət orqanlarında yerləşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir. Mediamızda hər zaman dini və mənəvi dəyərlərlə bağlı mövzular ön planda olmalıdır. Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıtmaq istəyən daxili qruplara və xarici dairələrə qarşı barışmaz olmalıdır. Media bununla bağlı vəzifələrini dərk etməli, eyni zamanda bu təsirlərin altına düşməməlidir. Bundan başqa, media dövlət mənafeləri üçün təhlükəli hala çatan fəaliyyətləri ictimai müzakirəyə çıxarmalı, bununla mübarizə aparmalıdır.

Azərbaycan mətbuatı ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Mətbuat leqal olaraq fəaliyyət göstərən, qeydiyyatdan keçmiş sektaların məhz həmin istiqamətdə fəaliyyət göstərməsinə ictimai nəzarəti həyata keçirməlidir. Xüsusilə yeni nəslin əldə etdiyi məlumatların böyük qisminin media mənşəli olduğu düşündükdə, sağlam din və media əlaqəsinin təmin edilməsinin zəruriliyi daha aydın görünür. Hazırda Qafqaz Müslənmanlar İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahdə böyük işlər görür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq Bakı və regionlarda yoxlama aparır. Qeydiyyatdan keçməyən dini icmaların və özündə mlli və mədəni dəyərləmizi əks etdirməyən müxtəlif təyinatlı kitabların təbilağıtının qarşısını alır. Juranlistlər də bu işdə hər iki qurumun yanında olmalı, görülən işlər barədə mütəmadi xəbərlərin tirajlanmasına çalışmalıdır. Çünki, mətbuat insanların düşüncə tərzinə birbaşa təsir edən amillərdən biridir.

Birgə əməkdaşlığın nəticəsi

Məlumatsızlıq bəzən müsahibin fikirlərinin təhrifinə səbəb olur. Bundan başqa dinlə bağlı yazılan məqalələrdə mütləq Qafqaz Müslənmanlar İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən olan şəxslərin çıxışlarına yer verilməlidir. Çünki, dini baxış hər şəxsdə yoxdur və jurnalist özü də istəmədən müəyyən səhflərə yol verə bilər. Azərbaycan həssas böləgədə yerləşir, ona görə də mətbuat dini məsələlərdə ehtiyatlı olmalıdır. Dini savadsızlıq nəticəsində bəzi mətbu orqanları məzhəb ayrı-seçkiliyi salırlar. Yəni, sünni və şiə təriqətlərinə məxsus yazılar yazanda ehtiyatlı olmaq lazımdır. Məzhəb, əqidə təəssübkeşliyi ilə hazırlanan materiallar islam həmrəyliyinə də xələl gətirir.

Digər tərəfdən dini sahədə yazan jurnalistlər üçün də hər iki qurum mütləq açıq olmalı, onlara lazım olan xəbərləri tez və ətraflı şəkildə əldə etməlidir ki, yazılarında boşluq olmasın. Yuxarıda qeyd etdiyimiz kimi, ölkə xaricindən dinlə bağlı müxtəlif təzyiqlər olur. Və müəyyən yazıda gedən hər hansı bir səhv ölkəmizə qarşı istifadə edilə bilər. Bu kiçik olsa da belə müəyyən dairələrin əlində böyüdülə bilər. Jurnalistlər dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsi ilə aparmalı təkcə dinlərə bağlı həqiqətlərin yayılması, onlara qarşı olan mənfi fikirlərin aradan qaldırılmasına çlalışmalıdır.

Burada din xadimlərinin də üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda onların arxasınca gedən yüzlərlə, minlərlə, hətta, milyonlarla möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar. Azərbaycan həm din-dövlət münasibətlərinin, həm də mətbuatın inkişafına böyük diqqətlə yanaşır. Mətbuat nümayəndələri də fəaliyyətlərini dövlətçilik prinsiplərinə uyğun qurmağı bacarmalıdırlar. Bu gün mətbuatda çalışanlar bilməlidirlər ki, jurnalistika çox şərəfli bir peşədədir. Müqəddəs Quran-Kərimdə qələmə and içilir..

İlkin Nəcəfzadə
Yazı “İslam həmrəyliyi və media” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur.


AzVision.az

Teqlər: İslam   din