Armudu müqəddəs sayan Naxçıvan kəndi – REPORTAJ, FOTOLAR

Armudu müqəddəs sayan Naxçıvan kəndi – REPORTAJ, FOTOLAR
  01 Mart 2013    Oxunub:10071
Bu kənddə çöldə bitən vəhşi armud ağaclarını doğramırlar. Çünki onlara çətin günün dostu, dar günün xilaskarı kimi baxırlar. Söhbət Culfa rayonunun Teyvaz kəndindən gedir.
Teyvaz - Culfanın ucqar dağ kəndidir. Aprel, may aylarına qədər kəndin qarşısındakı dağlarda qar olur. Uzaqdan qarlı yamacılarda qaralan armud ağacları qalın meşəni xatırladır. Kəndin min illik tarixində ən maraqlı məqamlardan biri də armud ağaclarına balta vurulmamasıdır. Ona görə də indi bu kəndin çöllərində yaşı 100-ə,150-yə çatan nəhəng armud ağacları var.
Bəlkə də Azərbaycanın digər meşələrlə zəngin olan ərazilərində bu, adi haldır. Ancaq 1992-ci ildən 2005-ci ilə qədər enerji blokadasında olan Naxçıvan üçün bu, qeyri-adi hadisədir. Çünki, ermənilərin blokadaya saldığı Naxçıvanda 1992-ci ildən başlayaraq, qış aylarında yeganə yanacaq növü ağaclar olub. O zamanlar nəinki dağlarda, hətta həyətlərdə bitən meyvə ağacları belə doğranaraq, sobalarda yandırılıb. Hətta indinin özündə də Naxçıvanda yaşı 20-dən artıq olan dağ ağacları yalnız ciddi-cəhdlə qorunan Batabat yaylağında qalıb. Onlar da palıd, söyüd, yemişan ağaclarıdır. Dağ armudları isə yalnız Teyvaz kəndində qorunub saxlanıb. Bir sözlə, burada əhali üçün dağ armudu müqəddəs bir ağacdır.

Kəndin 75 yaşlı sakini Allahverdi Hüseynov deyir ki, Böyük Vətən Müharibəsi illərində bizim hamımızın ümid yeri bu armud ağacları olub:
- Yabanı halda bitən ağaclara heç kəs qulluq eləmirdi, elə ancaq payızda meyvəsini yığır, onu qurudurduq. Sonra da qış aylarında bu quru armud meyvələri dəstərədə (əl dəyirmanında) üyüdülərək, un halına salınırdı. Anam ondan yaxşı çörək bişirirdi. Bu, çətin günlərdə aclıqdan qurtarmaq üçün bütün kəndin ümid yeri idi. Ona görə də, müharibədən sonrakı illərdə ağsaqqal və ağbirçəklər armud ağaclarını kəsməyə qoymadılar. Ağaclar yaşlı nəslin gözündə sanki bir xilaskar idi. 1992-ci ildə bir neçə adam “Çətən daş” deyilən yerdə bitən nəhəng armud ağacını kəsmək istəyirdi. Onları da qınamaq olmazdı, həmin il qış sərt gəlmişdi. Bərk soyuq idi. Ancaq kəndin ağsaqqalları onları bərk danladılar. “Gedin çaydan, çeşmədən kol-kos kötüyü yığın, kərmə (bərkimiş təzək) yandırın , bala, armud ağacanının qarğışı sızı tutar”,- deyib, onları çəkindirdilər. Sonra daha heç kim dağ armudlarını kəsməyə heç cəhd də etmədi.

Kəndin cavanları da bu ənənəni qoruyub saxlayırlar. Ədalət Hüseynov babasının armudlarla bağlı nəql etdiyi maraqlı bir hadisəni danışır:
- Deyirdi ki, bir dəfə kəndin ortasında qazıntı vaxtı bir daş lövhə tapıldı. Üstündə ərəb əlifbası ilə yazılmışdı ki, “Şəhrud şəhərini və ətrafındakı kəndləri Teyvaz kəndinin armudları quraqlıq vaxtı aclıqdan xilas edib”. Sonra kimsə gəlib o daşı apardı və onun sonrası necə oldu, bilmədik.

Əslində yaşlı nəsil bu cür hadisələri danışmaqla gənclərdə həmin ağaclara sevgi yaradıb. Kənddə indi də sakinlər payız vaxtı cır armudları yığıb, meyvəsini qurudurlar. Qış aylarında müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər. Uşaqların qarnı ağrıyan zaman ən yaxşı dərman kimi tətbiq olunur. Deyirlər ki, armudu dəstərədə çəkib, ununu müntəzəm olaraq körpə uşağa verəndə onu xeyli gümrahlaşdırır.

Bu kənddə “Həsənqulugilin dəstərəsi” deyilən qədim bir əl dəyirmanı indi də kənddə ev-ev dolanır. Hamı da ondan ancaq armud qurusunu üyütmək üçün istifadə edir.

AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, gənc tədqiqatçı Əli Həşimov bu kəndin insanlarında armud ağacına olan sevgini gen yaddaşı ilə izah edir:
- “Dədə Qorqud” dastanında bir məqam var: evi yağmalanan Qazan xan əvvəlcə ağaca , sonra da qurda müraciət edərək, onlardan ailəsi, evi haqda soruşur. Sonra həmin dastanda bir ifadə var. “İgidlər,- deyir ,- atam Qoğan Arslan, anam Qaba ağacdır”. Digər bir türk əsatirində isə Qara xan ağac koğuşunda tapdığı qızla evlənir və ondan Göy xan, Dəniz xan, Ulduz xan və digər övladları olur. Ona görə də indi bu kəndin adamları bir növ öz gen yaddaşlarından irəli gələrək, belə davranırlar.

Bütün hallarda, kəndin sakinləri ən çətin anlarında ətraf mühitin bir parçası olan ağacları qoruyub saxlaya biliblər. Bu gün məhz bu qorunan dağ armudlarına görə Teyvaz kəndinin təbiəti digər qonşu kəndlərdən daha yaraşıqlı və cəzbedicidir. Təbiət bizi təmənnasız sevir, yetər ki, biz də onu eyni sayğı ilə sevə bilək.

Səməd Canbaxşiyev
Naxçıvan

Qalereya




Teqlər:  





Xəbər lenti