Bakının "üzən" yolları - Meriya susur, bəs kimdir günahkar?

Bakının "üzən" yolları - Meriya susur, bəs kimdir günahkar?
  04 Oktyabr 2017    Oxunub:17613
Son bir neçə gün ərzində Bakıya yağan güclü yağış ciddi fəsadlar törədib. Fasiləsiz yağışlar nəticəsində paytaxt küçələrində böyük gölməçələr peyda olub, onlarla evi su basıb. Bundan əlavə nəqliyyat vasitələrin gediş-gəlişində də problemlər yaranıb.
Dövlət qurumlarına dəfələrlə tapşıqlar verilməsinə baxmayaraq, hər il oxşar problem yaşanır. Bu istiqamətdə aidiyyatı qurumlara dövlət tərəfindən vəsaitlər ayrılsa da, nədənsə, insanları təngə gətirən bu problemlərdən birdəfəlik xilas olmaq mümkün deyil.

Niyə Bakıya yağış yağan kimi yollar keçilməz hal alır? Buna görə hansı dövlət qurumu məsuliyyət daşıyır?

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, yağıntılar zamanı yağış-kanalizasiya-drenaj sistemləri olan küçərlərdə ciddi problemlər yaşanmır.



“Problem daha çox Dərnəgül və Binəqədi yolunda qeydə alınıb. Bu ünvanlarda hazırda işlər görülür. Etiraf edək ki, ötən illərdə müşahidə olunan vəziyyət bu dəfə təkrarlanmadı. İşlər başa çatandan sonra problem yaşanmayacaq”.

A.Cəbrayıllı qeyd edib ki, Nazirlər Kabinetinin sərəncamına əsasən Bakı şəhərində subasma təhlükəsi olan 13 ünvanda işlər görülüb.

“Yağış zamanı yollarda gölməcələrin yaranması həmin ərazidə yağış-drenaj sistremlələrinin olmaması ilə əlaqədardır. Yağıntılara görə Bakı və rayon su-kanal idarələri gücləndirilmiş iş rejiminə keçib. Əməkdaşlarımız gecə də daxil olmaqla küçələrdə müşahidələr aparıblar. Yağış barmaqlıqları və bacalar yoxlanılıb, problem olan yerlərə dərhal müdaxilə edilib problemlər aradan qaldırılıb”.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edib ki, avtomobil yollarında yağış zamanı gölməçələrin olması normaldır.



“İstənilən ölkədə, istər Amerika, istərsə Avropa ölkələrində təbii hadisələr zamanı fəsadlar olur, bu, qaçılmazdır və bundan da heç kim sığortalanmayıb. Yollarda yağış sularının yaratdığı gölməçələr müvəqqəti olur və yağış azalan zaman həmin gölməçələr də yoxa çıxır. Lakin elə lokal yerlər var ki, orada problem hər zaman olub və bu il də yaşanır. Həmin yerlərdə tərəfimizdən işlər aparılır. Yağış özü ilə bərabər əşya və başqa nəsə gətirir və yağış barmaqlılqarını tıxandırır, nəticədə qısa müddətdə ərazidə gölməçə yaranır. Bunun tam olaraq qarşısını almaq qeyri-mümkündür. Əməkdaşlarımız bütün günü yağış barmaqlıqlarına nəzarət edir və təmizləyirlər. 100 faizli problemi həll etmək, qarşısını almaq mümkün deyil. Suyun axın nöqtələri var. Həmin nöqtələrə gedənə qədər ola bilər ki, gölməçələr yaransın”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini də öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən hər zamanki kimi telefonlara cavab verilməyib.

Şəhər meri Hacıbala Abutalıbovun mobil telefonuna isə katibəsi cavab verərək, onun məşğul olduğunu deyib.

Aytən Zəhra
AzVision.az



Teqlər: Bakı   Yağış  





Xəbər lenti