“ASAN Könüllüləri” hansı işləri görür? - MÜSAHİBƏ

“ASAN Könüllüləri” hansı işləri görür? - MÜSAHİBƏ
  05 Oktyabr 2017    Oxunub:15135
"Azərbaycan gənci bu gün dünyanın bir çox fərqli ölkəsində, cəmiyyətində yaşayan gənclərdən daha böyük potensial və bu potensialını istifadə etmək üçün şəraitə sahibdir"

AzVision.az “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamovun müsahibəsini təqdim edir:
- “ASAN Könüllüləri” Təşkilatının missiyası və fəaliyyət istiqamətləri hansılardır?

-"ASAN Könüllüləri" Təşkilatı yarandığı gündən Respublikada aparılan gənclər siyasətinin ən əsas dəstəkçilərindən biri olub. Könüllü olaraq cəmiyyətimizin dayanıqlı inkişafı üçün çalışan vətəndaşlar şəbəkəsini formalaşdırmaq təşkilatın ən başlıca missiyasıdır. Bir neçə əsas fəaliyyət istiqamətini qeyd etmək istərdim ki, bunlardan ilki və ən mühümü gənclərdə vətənpərvərlik və dövlətçilik ruhunun yüksəldilməsidir. Bilik və fəaliyyətində kamilliyi ali dəyər tutan vətəndaşları formalaşdırmaqla cəmiyyətə töhfə vermək bizim fəaliyyətimizin başlıca meyarıdır.

-Təşkilatının neçə üzvü var və bu günə qədər hansı layihələri reallaşdırmısınız?

- Təşkilatın ümumilikdə 13000-dən çox üzvü var. Bu üzvlər Azərbaycanın 7 fərqli bölgəsində, 11 fərqli nümayəndəlikdə fəaliyyətimizi həyata keçirən daimi komandanın tərkib hissəsidir. Təşkilatın reallaşdırdırdığı başlıca layihələr, həyata keçirdiyi təşəbbüslər 2015-2017-ci il üçün qəbul olunmuş Strateji Planımıza əsaslanır. Sizin də bildiyiniz kimi, 2014-cü ilin dekabr ayında, Sabirabad şəhərində “ASAN Könüllülərinin I Ümumrespublika Forumu” keçirilərkən cənab Prezident İlham Əliyev şəxsən forumda iştirak edərək, bizə fəaliyyətimizlə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdir. Biz də bu tapşırıqlar əsasında 2015-2017-cil Strateji planımızı hazırlayıb icra edirik ki, bunun da nəticəsi olaraq bu günədək 1000-dən çox müxtəlif təlim, 250-dən çox layihə reallaşdırılıb. Mədəniyyət, təhsil, sağlamlıq, ekologiya, sosial və beynəlxalq təşəbbüsləri özündə birləşdirən bu işlərin ilk hesabatını da ötən ilin dekabr ayında cənab Prezidentə şəxsən təqdim etdik.

-Təşkilatın komanda üzvlərini kimlər təşkil edir

-Təşkilatın əsas işçi komandasının orta yaş həddi 20 yaş təşkil edir, yəni komandamız tamamilə gənclərdən, başqa sözlə tələbələrdən təşkil olunub. Bundan əlavə Bakı, Sumqayıt, Sabirabad, Bərdə, Gəncə, Masallı və Qəbələdə “ASAN Könüllüləri” Təşkilatının nümayəndəlikləri mövcuddur ki, bu regionlarda da komandamız fəaliyyətini mütəmadi şəkildə həyata keçirir. Onu da vurğulamaq yerinə düşər ki, komandanın hər bir üzvü “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərmiş könüllülər arasından seçilir və daimi olaraq komandamıza yeni gənclər, yeni simalar qoşulurlar. Ümumiyyətlə, “Gənclər Təşkilatı”nın fəaliyyətini həyata keçirən komandanın gənclərdən ibarət olması məncə daha uğurlu bir seçimdir. Bu onlara daha açıq fikirli, daha rahat fəaliyyət göstərməyə təkan verən xüsusi amildi. Başqa sözlə, daimi inkişaf üçün müəyyən vaxtlarda yerdəyişmələr etmək zəruridir. Əgər bir gənc illərlə eyni fəaliyyət dairəsində, dəyişməz bir mexanizmi həyata keçirirsə, gec-tez o mexanizm paslanacaq və sıradan çıxacaq.

-Həyata keçirdiyiniz layihələrdən könüllülər nələr əldə edir?

-Təşkilatımız gənclərə təşəbbüslər irəli sürməyə, öz fikirlərini reallaşdırmağa və fərdi-inkişaflarına töhfə verməyə şərait yaradır. Lakin biz bunu sadəcə hər hansı bir layihələr reallaşdırıb, gəncləri bu layihələrə qoşmaqla işimizi bitmiş saymırıq. Hər bir cəmiyyəti uğurla edən onun möhkəm, sarsılmaz və düzgün dəyərləridir. Biz gələcəyin təminatçısı olan gənclərə bu şəraiti möhkəm dəyərlərlə aşılayırıq. Yalnız dövlətinə, vətəninə bağlı, sağlam ruha və düşüncəyə sahib bir şəxsə verilən dəstək uğurlu nəticə gətirə bilər.

-“ASAN Könüllüləri” Təşkilatı hansı böyük layihələrə imza atıb və gələcəkdə hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

-“ASAN Könüllüləri” Təşkilatı artıq qeyd etdiyim kimi ötən 4 ilə yaxın dövr ərzində 250-dən çox layihə reallaşdırıb. Bu layihələr bir gənc üçün, cəmiyyət üçün önəmli ola biləcək bütün istiqamətləri əhatə edir. “ASAN Akademiya” layihəsi ilə artıq biz 3 ildir ki, fərdi-inkişaflarına töhfə vermək istəyən gəncləri xüsusi proqramımız və mütəxəssislərimiz ilə gələcək karyeralarına hazırlıyırıq. Bu dövr ərzində 150 gənc bu Akademiyanın məzunu olub ki, onlardan da 90%-ə qədəri artıq müxtəlif özəl və dövlət qurumlarında karyeralarına start verib və yaxud müvafiq sahədə təhsillərini davam etdirirlər. Bu il biz daha təkmilləşmiş və genişlənmiş proqramımız ilə “ASAN Akademiya 2017” layihəsini reallaşdıracayıq ki, gənclər artıq öyrəndikləri nəzəri biliklərin praktiki şahidi də olacaqlar. “Könüllülər Yurdu Azərbaycan” layihəsi ilə təkcə bu il Azərbaycanın 24 fərqli şəhər və rayonundan 1000-dən çox gənc ilk dəfə könüllü fəaliyyəti ilə tanış oldu, bunun onlar üçün önəmini öyrəndi və respublikamızda 80000-dən çox insan könüllü fəaliyyəti ilə bağlı məlumatlandırıldı. Sosial sahədə reallaşdırılan “ASAN Məktub” layihəsi gələcəyin sahiblərini, uşaqları sevindirən ən uğurlu paltformalardan birinə çevrilib artıq. İstənilən şəxs asanmektub.az saytına daxil olaraq uşaqların məktublarını oxuya və kiçik hədiyyələrlə onlara böyük sevinc bəxş edə bilər. “Mədəniyyət Carçısı” layihəsi ilə biz Azərbaycanda ilk dəfə könüllülərdən, gənclərdən ibarət teatr truppaları formalaşdırmağa nail olduq ki, bu teatr truppaları Azərbaycan mədəniyyətinin ən mühüm və ədəbi əsərlərini müxtəlif teatr səhnələrində nümayiş etdirirlər. “BAŞLA” proqramı ilə innovativ düşüncələri, ideyaları olan ASAN Könüllüləri öz bizneslərini yaratmaq imkanı əldə edirlər. Artıq bir neçə startup layihəsi bu proqramın dəstəyi vasitəsi ilə öz biznes fəaliyyətinə start verib. Gənclərin sosial, ictimai və siyasi biliklərini inkişaf etdirmək yönündə Təşkilatımız mütəmadi simulyasiya oyunları təşkil edir. Qeyd etmək istərdim ki, bu silsilədən olan “Könüllülər Parlamenti Azərbaycan” layihəsi ilk dəfə olaraq gənclərə Milli Məclisin simulyasiyasında iştirak etməyə şərait yaradır. Əlbəttə ki, bu sadalananlar ASAN Könüllülərinin reallaşdırdığı layihələrdən sadəcə müəyyən nümunələrdir.

-Azərbaycan gəncliyinin perspektivini necə qiymətləndirirsiz?

-Azərbaycan gənci bu gün dünyanın bir çox fərqli ölkəsində, cəmiyyətində yaşayan gənclərdən daha böyük potensial və bu potensialını istifadə etmək üçün şəraitə sahibdir. Birbaşa olaraq gənclərin fəaliyyətini təmin, təşkil edən qurumların mövcudluğu, bu qurumların gənclərin potensialları istiqaməti üzrə onlarla daim işləməsi mövcud müsbət şəraitin göstəricisidir. Bir neçə gün öncə cənab Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Azərbaycan gəncliyinə olan daimi dəstəyin və yaradılan şəraitin ən əsas meyarıdır. Bu Proqram gənclərin inkişafı, müasir və innovativ imkanlara çıxışları, bilik və bacarıqlarının qiymətləndirilməsi və bütün bunlara uyğun dəstəklənmələri üçün hər bir şəraiti özündə tərənnüm edir.
İstənilən görülən işdə gəncləri başlıca həvəsləndirən amil o işin uğurlu nəticəsi ilə yanaşı, gördükləri diqqət və dəstəkdir. Bu gün Azərbaycan gəncinin fəaliyyəti, uğuru ən ali şəkildə, cənab Prezident İlham Əliyev tərəfindən birbaşa qiymətləndirilir. Bu qiymət və qayğı isə bizi gördüyümüz işdə, fəaliyyətimizdə daha uğurlu, daha məsuliyyətli olmağa sövq edir. Elə buna görə də Azərbaycan gənci təkcə ölkəmizdə yox, dünyanın hər yerində öz uğuru ilə ölkəmizi, millətimizi təmsil edəcəkdir.

AzVision.az


Teqlər: ASAN-Könüllüləri  





Xəbər lenti