Azərbaycan nümayəndə heyəti Anti-Korrupsiya Akademiyasının tədbirində

Azərbaycan nümayəndə heyəti Anti-Korrupsiya Akademiyasının tədbirində
  05 Oktyabr 2017    Oxunub:1694
Oktyabrın 2-dən 4-dək Misir Ərəb Respublikasının Şarm El Şeyx şəhərində Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA) Üzv Dövlətləri Assambleyasının 6-cı sessiyası keçirilib.
Baş Prokurorluqdan AzVision.az-a bildirilib ki, tədbirdə Azərbaycanı baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi Baş İdarənin, Xarici İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar, Baş İdarənin və “ASAN xidmət” mərkəzlərinin korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınmasında rolu, həmçinin ölkəmizlə IACA arasında ikitərəfli münasibətlər barədə məlumat verib.

Tədbirdə Akademiyanın fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı təşkilati və hüquqi xarakterli məsələlər müzakirə edilib, qurumun qlobal miqyasda korrupsiyaya qarşı mübarizə səylərinin gücləndirilməsində rolunun artırılması məqsədilə bir sıra zəruri sənədlər işlənib hazırlanmış, həmin sənədlərin hazırlanması və qəbulu prosesində ölkəmizin nümayəndə heyətinin fəal iştirakı xüsusi vurğulanıb.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə IACA-nın rəhbəri Martin Kreutner, Misir Ərəb Respublikası və digər dövlətlərin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev iştirak edib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti