Qarabağ danışıqlarında dönüş - Ermənistan geri addım atır

Qarabağ danışıqlarında dönüş - Ermənistan geri addım atır
  05 Oktyabr 2017    Oxunub:11697
Prezident İlham Əliyev ötən gün Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm bəyanatlar verib. Ölkə başçısı görüşdə Ermənistanın danışıqlar prosesinə qayıtdığını deyib.
“Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz”.

Prezident çıxışında bildirib ki, əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı.

“Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik”.

Avropadan Qarabağla bağlı Ermənistana hansı mesajlar verilib?



Millət vəkili Sahib Alıyev vurğulayıb ki, ölkə başçısı bundan əvvəl BMT tribunasından Qarabağla bağlı dünyaya çağırış edib.

“Cənab prezident bildirdi ki, Ermənistan hazırda apardığı siyasəti davam etdirdiyi halda 2016-cı ilin aprelindəki olaylar təkrarlana bilər. Bu, bütün dünyanın gözü qarşısında verilən bəyanat idi. Atdığı və atacağı addımlarda haqlı olduğu bilindiyi kimi, həm də güclü və qətiyyətli olduğunu göstərən bir dövlətin başçısının dedikləri qulaqardı edilə bilməz. Bu, həm də auditoriya qarşısında edilən xəbərdarlıq idi. Təsəvvür edin ki, qapalı görüşlərdə nələr deyilir. Fikrimcə, həmsədr dövlətlər və Ermənistanın digər dostları Azərbaycanın sadəcə xəbərdarlıq etməklə qalmayacağını, hərəkətə keçəcəyini və hərəkətə keçdiyi halda da hayları nə gözlədiyini bildikləri üçün Serj Sərkisyanı yenidən danışıqlar stoluna əyləşdirirlər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ermənistana edilən xəbərdarlıqlar aprel döyüşləri göz önünə gətirilərək edilib: “Aprel döyüşlərindən sonra Ermənistan tərəfi danışıqlardan qaçırdı. Bildirirdilər ki, guya Azərbaycan atəşkəsi pozub, hücuma keçib. Amma, sonra nə baş verdi? Moskvanın işarəsi ilə yenidən danışıqlar masasına oturdular. Bu, bir daha onu göstərir ki, Ermənistan təkbaşına qərar verə bilmir. Ağası var və onun işarəsi ilə hərəkət edir. İndi də Ermənistan oyun oynayır. Prosesi, status-kvonun ömrünü uzatmaq üçün belə yollara əl atır. Dövlət başçısı vurğuladı ki, Ermənistan bu yolla özünə problem yarada bilər. Çünki, bizim alternativ yolumuzun nə olduğunu ermənilər yaxşı bilir. Apreldə biz bu yolu sınaqdan keçirmişik. Bu, bir daha təkrarlana bilər. Danışıqlardan qaçırsansa, münaqişənin həllini uzatmağa çalışırsansa, deməli, bu, cəbhə bölgəsində toqquşma ehtimalını artırır”.



Politoloqun sözlərinə görə, ölkə başçısı bu məsələni ötən gün keçirilən görüşdə avropalıların diqqətinə çatdırıb: “Ölkə başçısı vurğuladı ki, bu məsələdə avropalılardan da hərəkət lazımdır. Bu istiqamətdə onların fəaliyyəti genişlənməlidir. Əgər bölgədə müharibə istəmirsinizsə, Ermənistana təsir, təzyiq edin. Prezident qeyd etdi ki, vaxtilə bizim bu məsələdə Avropa Şurasından gözləntilərimiz vardı. Halbuki, Avropa Şurası Ermənistana təzyiq və təsir edə bilmədi. Onu da qeyd etmək lazımdır ki, Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün qətnamələr Azərbaycanın xeyrinədir. Çünki, bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü vurğulanır. Hətta, Avropa Parlamentinin qətnamələri də bizim xeyrimizə idi. Təəssüf ki, avropalılar özləri qəbul etdikləri qətnamələri real mexanizmə çevirə bilmədilər. Ermənistana deyə bilmədilər və ya demək istəmədilər ki, Dağlıq Qarabağ ətrafı rayonlar ilk mərhələdə boşaldılmalıdır. Ermənilər referendum şərtindən ikiəlli yapışdıqca münaqişə həll olunmayacaq. Münaqişənin həlli üçün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. Bunu ötən gün dövlət başçısı da qeyd etdi ki, 7 rayonun Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur və sizlər də buna görə Ermənistana təzyiq etmirsiniz. Belə bir şəraitdə Ermənistanın danışıqlara maraq göstərməməsi status-kvonu uzadır. Bu isə regionda yenidən toqquşma ehtimalını artırır”.

E.Şahinoğlunun fikrincə, bu məsələdə ermənilərə təzyiq lazımı səviyyədə deyil: “Ötən gün avropalı səfirlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallar verdilər. Amma, bir dəfə demədilər ki, münaqişənin həlli addım-addım getməlidir. Olsun, mərhələli həll planının adını çəkməsinlər. Amma, deməliydilər ki, münaqişənin həlli addım-addım olmalıdır. Etiraf etmədilər ki, 7 rayonun Dağlıq Qarabağa aidiyyatı yoxdur. Bunlar niyə işğalda qalmalıdır? Ölkə başçısı çıxışında avropalı səfirlərə dedi ki, sizlər Qarabağda separatizmə diqqət etmədiniz. Bu, yayılan xəstəlikdir. Şimali İraqda keçirilən referendum bölgəni yeni müharibə astanasına gətirib çıxarıb. Kataloniyada da referendum keçirilib. İspaniyanın mərkəzi hökumətinə də problemlər yaradılır. Burada Avropanın özü bilmir nə etsin. Bir tərəfdən İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən isə kataloniyalıların özünə simpatiya var. Separatizmə iki yanaşma olduqca, bu Avropanın özü üçün problemlər yaradacaq. Bunu prezident İlham Əliyev avropalılara bir daha xatırlatdı”.



Politoloq Fikrət Sadıqov hesab edir ki, Ermənistanın danışıqlara qayıtması müsbət amildir: “Ermənistan faktiki olaraq danışıqları boykot etmişdi. Müxtəlif bəhanələrlə masa arxasına əyləşmirdi. Ermənistanın danışıqlara qayıtması o demək deyil ki, bütün məsələlər tezliklə həll olunacaq”.

F.Sadıqov vurğulayıb ki, Ermənistan masa arxasına oturmaqla yanaşı, qəbul olunan qətnamələrin tələblərini də yerinə yetirməlidir: “Biz bu barədə dəfələrlə həm avropalı diplıomatlara, həm də həmsədrlərə demişik. İndi onlar istəyirlərsə, növbəti dəfə aprel hadisələri təkrarlanmasın, bunun üçün Ermənistana təzyiqi artırmalıdırlar. Ermənistanın danışıqlara qayıtması ilə heç də hər şey həll olunmur. Bunun üçün də Avropa Ermənistana təzyiqlərini artırmalıdır. Ermənistana başa salınmalıdır ki, işğala son qoymaqdan başqa yolu yoxdur. Ölkə başçısının çıxışı da göstərir ki, həqiqətən Ermənistana təzyiqlər var. Prezidentin BMT-də etdiyi çıxışdan sonra bu gözlənilən idi”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti