"Azəravtoyol" yol çökməsinə aydınlıq gətirdi

"Azəravtoyol" yol çökməsinə aydınlıq gətirdi
  05 Oktyabr 2017    Oxunub:1487
"Azəravtoyol" ASC ötən gün Nizami rayonu Mehdi Abbasov küçəsində baş vermiş çökmə hadisəsinə bir daha aydınlıq gətirib.
"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli AzVision.az-a bildirib ki, sözgedən küçə 50-60 il bundan öncə, həmin ərazidə yaşayış binaları inşa edilərkən salınıb.

"Azəravtoyol" ASC rəsmisi qeyd edib ki, yolun altından keçən kommunikasiyalar (kanalizasiya kollektoru da daxil) yol infrastrukturu qurularkən quraşdırılıb:

"Yəni yol yeni deyil. Bu 50-60 il ərzində də təbii ki, o yolda müəyyən təmir işləri aparılıb. Ötən il də "Azəravtoyol" ASC tərəfindən həmin küçənin asfalt-beton örtüyünün üst qatı yenilənib. Qeyd etdiyim kimi sadəcə olaraq yenilənib. Yolun tikintisində hər-hansı bir problem olsaydı bu yol 50-60 il ərzində azı 50-60 dəfə çökərdi. Bəs dünən niyə çökdü? Çünki 50-60 il bundan öncə quraşdırılan kanalizasiya kollektoru artıq istismar müddətini başa vurduğu üçün dağılıb. Nəticədə kollektorla axan çirkab su yolun torpaq yatağını yumağa başlayıb. Qəzanın baş verdiyi yerdə torpaq yuyulduğundan asfalt altında boşluq yaranıb və asfalt çöküb.
Demək istədiyim odur ki, bu nə yolun keyfiyyətsiz çəkilməsi ilə, nə də ki, yağışla əlaqədardır".

O, qeyd edib ki, həmin ərazidə asfalt örtüyü norma və standartlara uyğundur:

"Qalınlıq 25-35 sm arası dəyişir. Yolda asfaltın qalınlığı hətta yarım metr də olsaydı yol yenə çökəcəkdi. Çünki asfaltı saxlayan torpaqdır və o da yuyulub gedib. Boşluq yarandığından asfalt öz ağırlığı nəticəsində qırılıb. Bu cür hadisələr hər yerdə baş verə bilər və baş verir də. Bundan heç kəs, heç bir şəhər və ya dövlət sığortalanmayıb. Bu normal bir haldır və normal hal olaraq qəbul etmək lazımdır. Necə ki, Amerika, Avropa və Avstraliyada bunu normal olaraq qəbul edirlər".

AzVision.az


Teqlər: "Azəravtoyol"   Yol   Çökmə  





Xəbər lenti