Qəbələ Rayon Məhkəməsinin yeni binası istifadəyə verilib

Qəbələ Rayon Məhkəməsinin yeni binası istifadəyə verilib
  06 Oktyabr 2017    Oxunub:8560
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,ölkədə yeni məhkəmələr təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun infrastrukturunun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb.

Bununla bağlı dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 13 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 8 məhkəmə üçün bina və komplekslərin intensiv inşası aparılır. Bir çox məhkəmə bina və komplekslərin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak edib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 5-də Qəbələ rayonunda müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub.
Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin Qəbələ rayonunda abidəsi ziyarət olunaraq, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Parlamentin Regional Məsələlər Komitəsinin sədr müavini Fəttah Heydərov, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.900 m2, iki mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə Prezidentinin tapşırığına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi və digər avadanlıqlar quraşdırılıb. Burada konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur. Həmçinin, təqsirləndirilən şəxslərin təhlükəsiz daşınması və saxlanması üçün hər cür şərait yaradılıb.

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait vardır.

Nazir Qəbələ Rayon Məhkəməsinin müasir inzibati binasının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini bildirib.

Qəbələ rayon icra başçısı S.Abdullayev, millət vəkili F.Heydərov və digər çıxış edənlər regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti