Məhərrəmlik mitinqi – TƏHLİL

  08 Oktyabr 2017    Oxunub : 3663
Məhərrəmlik mitinqi – TƏHLİL
Milli Şuranın keçirdiyi mitinqlərin hamısı bir-birinə oxşayır. Hər dəfə eyni adamlar eyni şablon fikirləri təkrarlayır, hamının əzbər bildiyi şüarlar təzədən səsləndirilir və bununla da mitinq başa çatmış elan olunur. Bu dəfə də eyni söhbətlər təkrarlandı.
Lakin budəfəki mitinq əvvəlkilərlə müqayiəsədə xeyli zəif alınmışdı. O dərəcədə ki, utandığından heç bir müxalif media qurumu canlı yayım etmədi. Adını “ümumxalq” mitinqi qoysalar da, 1200 nəfəri heç bir vəchlə “xalq” adlandırmaq mümkün deyil.

Stadionun ortasına toplaşmış bir ovuc insan da kürsüdəkilərlə birgə “Azadlıq”la başlayıb, “istefa” ilə davam etdilər, təbii ki, erməni lobbisinin ortaya atdığı korrupsiya “fakt”larını qabartmaq da yaddan çıxmadı. Ənənəyə sadiq qalaraq, ölkənin dünyəvi idarəçilik quruluşunu dəyişməyə cəhd etdiklərinə görə hazırda məhkum həyatı yaşayan və Əli Kərimlinin son ümid yeri olan radikal dindarlar da unudulmadı. Həmin şəxslər barəsində yenə də utanmadan “vicdan məhbusu” ifadəsi səsləndirildi.



Bu dəfə də qara bayraqların sayı çoxluq təşkil edirdi. Əmmaməli, saqqallı, çadralı kəsim isə yenə də meydanda idi. Elə fotoların birində Aşura mərasimlərini xatırladan mənzərə də dediyimizi təsdiqləyir.

Əslində bu, təbii hal idi. Əhalinin ziyalı və aydın təbəqəsindən əlini tamamilə üzmüş Milli Şura rəhbərliyinin dindar kəsimdən başqa ümid yeri qala bilməzdi. Təsadüfi deyil ki, Əli Kərimli mitinq ərəfəsində daha çox insan cəlb etmək məqsədilə vaxtilə İŞİD sıralarında vuruşmuş şəxsin müdafiəsinə qalxmışdı. Bu cür çirkin kampaniyalar bir tərəfdən mitinqə əlavə 40-50 nəfəri cəlb edərək, Milli Şura rəhbərliyinin cibini doldurursa, digər tərəfdən xalqımızın Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimilərinin iç üzünü görməsi üçün əlavə imkanlar yaradır.

Mitinqdə diqqət çəkən məqamlardan biri də o idi ki, bəziləri sanki niyə orada olduqlarının fərqində deyildilər. Cəmiyyətin sosial sifarişindən doğmayan bir mitinq, təbii ki, bundan artıq da ola bilməzdi. Bu mənada Əli Kərimli danışarkən çəkilmiş bir foto bugünkü mitinqin əsil mahiyyətini ortaya qoyur.



Həmin fotoda Əli Kərimlinin şablon çıxışına qulaq asmaqdan bezmiş bir qrup vətəndaşlarımız əks olunub. Onların simasında isə sanki bu ifadə həkk olunub: “Ehhh...Yenə eyni sözlər... Eyni adamlar... Bircə bu mitinq bitsəydi...”
Bu cür düşünən sözsüz ki, çox idi. Elə buna görədir ki, əksər insanlar mitinq heç yarıya çatmamış, “Məhsul” stadionunu tərk etməyə başlamışdılar.



İzdihamlı mitinq təşkil etmək üçün 3 əsas şərt var: 1) Hava şəraiti əlverişli olmalı; 2) Mitinqə süni maneələr törədilməməli; 3) Mitinqi təşkil edənlərin xalq arasında nüfuzu yüksək olmalıdır.

Dünən günəşli, gözəl bir payız havası vardı. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin təşkil olunmasına rəsmi olaraq icazə vermişdi. Mitinqin təşkili ilə bağlı hər hansı məhdudiyyətin tətbiqindən söhbət belə gedə bilməzdi. Di gəl ki, bizdə həmin o üçüncü şərt heç vaxt ödənilmir. Xalqın inam və etibarını itirənlərin isə hakimiyyət orqanlarını günahlandırmaqdan başqa çarəsi qalmır...

Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Avropa İttifaqının rəsmiləri ilə görüşü zamanı daxildəki müxalifətlə bağlı çox əhəmiyyətli məqamlara toxunmuşdu. Bildirmişdi ki, ölkəmizdə müxalifətin mitinqinə heç bir məhdudiyyət tətbiq olunmur. Mitinqlərdə çox az sayda insanın iştirak etdiyini vurğulayan Prezident burada iqtidarın heç bir günahının olmadığını ifadə etmişdi. Həmin fikir bir daha əyani şəkildə təsdiqini tapdı. Dövlətin rəsmi icazəsi ilə baş tutan və heç bir məhdudiyyətin tətbiq edilmədiyi mitinqdə barmaqla sayılacaq qədər insan iştirak etdi. İndi isə həm radikal müxalifətə, həm də onların xaricdəki havadarlarına sual olunur: Bunundamı günahkarı dövlətdir?

Ən qəribəsi odur ki, belə rüsvayçılıqdan sonra Milli Şura 27 oktyabr tarixinə daha bir mitinq təyin edib. Görəsən, bunlar mitinqə gəlməmişdən əvvəl nə çəkirlər?

Ceyhun Əhmədli
AzVision.az

Teqlər: #Mitinq   #Milli-Şura