Aİ rəsmisi Bakıda danışıqlar aparır

Aİ rəsmisi Bakıda danışıqlar aparır
  10 Oktyabr 2017    Oxunub:1696
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov yeni sazişin siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələri əhatə etdiyini, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafı üçün mühüm çərçivə yaratdığını diqqətə çatdırıb. Tərəflər Aİ və Azərbaycan arasında açıq səma sazişi üzrə danışıqların da uğurla davam etdiyini bildiriblər.

Jan-Kristof Belliard ölkəmizdə mövcud olan stabilliyi və iqtisadi sahədə aparılan islahatları, o cümlədən ASAN xidmətin fəaliyyətini təqdir edib.

Görüşdə, həmçinin Avropa İttifaqı siyasi və təhlükəsizlik komitəsinin və komitə yanında akkreditasiya olunan Aİ üzv ölkələrinin səfirlərinin Azərbaycana səfəri, sözügedən nümayəndə heyətinin dövlətimizin başçısı tərəfindən qəbulu və aparılmış səmimi və geniş müzakirələrə toxunulub, bu səfərin Aİ və Azərbaycan arasında dialoqun inkişafına mühüm töhfə verdiyi bildirilib.

Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib, münaqişənin tezliklə həlli və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Görüşdə beynəlxalq gündəlikdə duran aktual məsələlər, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə qarşıdan gələn Zirvə toplantısı barəsində fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti