Jurnalistlər “Azərsun Holdinq”ə məxsus Yağ fabrikini ziyarət etdilər

Jurnalistlər  “Azərsun Holdinq”ə məxsus Yağ fabrikini ziyarət etdilər
  11 Oktyabr 2017    Oxunub:7891
Ölkənin aparıcı KİV nümayəndələri üçün mütəmadi olaraq media turlar təşkil edən “Azərsun Holdinq” bu dəfə media mənsublarını Yağ Fabrikinə dəvət edib. “Azərsun Sənaye Parkı”nda yerləşən Yağ Fabrikində qonaq olan jurnalistlərə əvvəlcə “Azərsun Sənaye Parkı” barədə məlumat verilib, burada Yağ fabrikindən başqa həmçinin Kağızın Təkrar Emalı müəssisəsinin də yerləşdiyi bildirilib.
Daha sonra KİV nümayəndələrini qarşılayan Bakı Qida və Yağ fabrikinin müdiri Şahəddin İbrahimov illik istehsal həcmi 270 min ton olan müəssisə barədə qısa məlumat verib və onları Fabrikin bitki yağların istehsal edildiyi sahəyə dəvət edib. Əvvəlcə qarğıdalı yağının istehsalını müşahidə edən media mənsublarına müəssisənin ən müasir avadanlıqlarla təchiz edildiyi bildirilib. Bundan sonra jurnalistlərə zeytun yağlarının istehsal prosesi nümayiş etdiriıib və istehsal xəttində olan “Zeytun bağları” markasının tam olaraq Abşeron rayonu ərazisindən toplanan yerli zeytundan hazırlandığı qeyd edilib.

Bitki yağları ilə bağlı jurnalistlərin suallarını cavablandıran duru yağların istehsalı sahəsinin müdiri Hüseyn Qocamanov daxil olan şikayətlərlə bağlı suala cavab verərkən ən çox rastlaşılan problemin bəzi mağazalarda saxlanma şəraitinin tələblərə cavab vermədiyini bildirib. O, bu məsələyə evlərdə istehlakçılar tərəfindən də ciddi riayət olunmadığını söyləyib və duru bitki yağlarının tələb olunan şəraitdə saxlanılmadıqda keyfiyyətini itirdiyini söyləyib.

Bitki yağlarının istehsal prosesi ilə tanışlıq bitdikdən sonra jurnalistlər kərə və spred yağlarının istehsal edildiyi sahəyə keçiblər. Onların kərə yağlarının istehsalı ilə bağlı suallarını cavablandıran mütəxəssislər bu məhsulun Yeni Zellandiyadan idxal edildiyini bildiriblər və “Azərsun Holdinq”in kərə yağı bazarında payının cəmi 5-7 faiz təşkil etdiyi bildirilib. Sumqayıtda isə böyük həcmdə idxal edilən kərə yağının çəkilərə görə daha kiçik həcmlərdə qablaşdırılaraq satışa çıxarıldığı qeyd edilib.

Jurnalistlərin kərə yağının xammal tələbatını daxili istehsal hesabına təmin etmək barədə sualına cavab verən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bunun çox baha başa gəldiyini söyləyib. O, Yeni Zellandiyanın iqlim şəraitinin daha münbit olduğunu və süd məhsullarının yağlılıq dərəcəsinin əksər dünya ölkələrindən qat-qat çox olduğunu bildirib. Bunun nəticəsi olaraq həmin ölkədə kərə yağının əldə olunması digər ölkələrdən dəfələrlə ucuz başa gəlir. “Azərsun Holdinq” tərəfindən keyfiyyəti beynəlxalaq sertifikatlarla təsdiq edilmiş kərə yağları idxal edilərək tərkibinə heç bir dəyişiklik edilmədən müxtəlif çəkilərdə qablaşdırılaraq “Best Cow”, “Wellington” markaları ilə istehlakçılara təklif edildiyi bildirilib. İstehsal sahəsi ilə tanışlıqdan sonra jurnalistlərə rafinasiya sahəsi nümayiş etdirilib və müəssisəyə daxil olan xammalın müasir avadanlıqlarla təchiz edilmiş bu sahədə zəruri yoxlamalardan keçərək yad maddələrdən təmizləndiyi qeyd edilib.
Müəssisənin laboratoriyasını ziyarət edən jurnalistlərə Yağ fabrikində də “Azərsun Holdinq”in digər müəssisələrində olduğu kimi keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi gün ərzində, istehsalın bütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi bildirilib. Bundan başqa laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğu qeyd edilib.

Laboratoriya ilə tanışlıq bitdikdən sonra jurnalistləri maraqlandıran suallara “Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirilmə direktorluğunun yağ məhsulları üzrə baş mütəxəssisi Tural Babayev cavab verib. O, ilk olaraq insan orqanizminin həm bitki həm kərə yağına ehtiyac duyduğunu bildirib və bunlardan birinin imtinasının və ya aşırı istifadəsinin insan sağlamlığı üçün zərərli olduğunu bildirib.

Jurnalistlərin palma yağı barədə sualını cavablandıran mütəxəssis bu mövzuda çoxlu sayda miflərin formalaşdığını bildirib. Tural Babayev dünyanın ən məşhur markalarının belə bu məhsuldan istifadə etdiyini və dünyanın əksər ölkələrində palma yağından istifadəyə heç bir məhdudiyyətin tətbiq edilmədiyini bildirib. Mütəxəssis bu yağın təbii halda bərk formada olmasının da ona əlavə üstünlüklər qazandırdığını qeyd edib. Digər bitki yağları duru formada olduğu üçün onların bərkləşdirilməsi bəzən kimyəvi müdaxilə nəticəsində mümkün olur ki, bu da yağın tərkibində insan sağlamlığı üçün olduqca zərərli transyağların əmələ gəlməsinə səbəb olur.

Tural Babayev “Azərsun Holdinq” tərəfindən istehsal olunan heç bir yağın tərkibində trans yağların olmadığını bildirib və keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyini qeyd edib.

Qeyd edək ki, “Azərsun Sənaye Parkı”nda 2014-cü ildə istismara verilmiş Yağ Fabrikində məhsullar insan əli dəymədən tam avtomatlaşdırılmış avadanlıqlarla istehsal edilir. Müəssisənin istehsal həcmi isə ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Azersun  





Xəbər lenti