Uşaq-Gənclər Mərkəzinin yeni bazası istifadəyə verilib

  12 Oktyabr 2017    Oxunub : 424
Uşaq-Gənclər Mərkəzinin yeni bazası istifadəyə verilib

Bu gün 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəb rektorları, yazarlar və mədəniyyət xadimləri iştirak ediblər. Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimində məlumat verilib ki, üç mərtəbədən ibarət mərkəzdə uşaq və yeniyetmələrin yaradıcılıq təxəyyülünün inkişafı üçün hər cür şərait yaradılıb.

Mərkəz 4-16 yaşlı uşaq və yeniyetmələr üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı təşkil edir. Proqram 6 inteqrativ modul əsasında 4 kurs olmaqla həyata keçiriləcək. Burada Multielm, Multirəsm, Məktəbəhazırlıq, Robototexnika kursları üzrə xüsusi tədris və kompüter proqramları lokallaşdırılıb, mərkəzin fəaliyyətinə cəlb olunmuş pedaqoji heyət üçün beynəlxalq mütəxəssislər tərəfindən bütün istiqamətlər üzrə təlim keçirilib.



Mikayıl Cabbarov son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, eləcə də məktəbdənkənar təhsil üzrə qazanılan nailiyyətlərdən danışıb. Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rolunu diqqətə çatdıran təhsil naziri burada yaradılan şəraitin onlara bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını qeyd edib.

Qeyd edək ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən 29 dərnəkdə 1800 uşaq məşğul olur, 54 nəfər pedaqoji işçi çalışır. Mərkəz 43 illik fəaliyyəti ərzində respublika və beynəlxalq səviyyəli tədbirlərdə və layihələrdə uğurla iştirak edib, dəfələrlə beynəlxalq festival və müsabiqələrin qalibi olub.

AzVision.az

Teqlər: Təhsil-Nazirliyi