“100 milyon dollar çox kiçik rəqəmdir” – YAP-çı deputatdan münasibət

  12 Oktyabr 2017    Oxunub : 1053
“100 milyon dollar çox kiçik rəqəmdir” – YAP-çı deputatdan münasibət

“100 milyon dollar silah və hərbi texnika almaq üçün çox kiçik rəqəmdir. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir və daim yeni silahlara ehtiyacı var. Bu baxımdan bunu uğur saymaq olmaz”.

Bunu AzVision.az-a Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Rusiyanın Ermənistana 100 milyon dollarlıq hərbi kredit ayırmasına münasibət bildirərkən deyib.

Millət vəkili vurğulayıb ki, bir qayda olaraq hərbi texnika alınması üçün kredit verən ölkələr, həmin pulun əvəzinə özünün istehsal etdiyi və məsləhət bildiyi silahları verir:

“Həmin vəsait birbaşa ölkəyə verilmir ki, istədiyi silahı ala bilsin. Əslində bu, Ermənistan üçün ağır yükdür. Burada Rusiya ona istədiyi silahı satacaq. Ermənistan bu pulu nə vaxtsa qaytarmalı olacaq. Həmçinin bu silahların yeni və ya köhnə olmasına heç kim zəmanət vermir. Dəfələrlə olub ki, silah alınması üçün kredit verən ölkələr əvvəl istehsal olunmuş silahları kredit verdiyi ölkələrə satıb”.

A.Mirzəzadə qeyd edib ki, Ermənistanın hərbi büdcəsi illik 500 milyon dollardır və verilən vəsait onlar üçün ağır bir yükdür: “Onların valyuta ehtiyatı həddən artıq kiçikdir. Ermənistan bu gün hərbi büdcənin və müharibənin doğurduğu ağır yükün altında əzilir. Eyni zamanda aldığı kreditləri də vaxtında qaytara bilmir. Buna görə də Rusiyadan kredit alınması Ermənistanın silahlı qüvvələrinin potensialını gücləndirməyəcək. Onsuzda ağır yük altında olan Ermənistanın üzərinə 1 milyonluq daha bir yük qoyulacaq”.

Qeyd edək ki, Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: YAP