YAP-çı deputat Türkiyəyə etirazını bildirdi

YAP-çı deputat Türkiyəyə etirazını bildirdi
  15 Oktyabr 2017    Oxunub:2517
Məlum olduğu kimi, Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik münasibətləridir. Hər iki dövlət fundamental məsələlərdə ortaq mövqeyə malikdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.
Lakin son zamanlar bütün bu reallıqlara baxmayaraq, bəzi Türkiyə vətəndaşlarının atdıqları addımlar ikitərəfli münasibətlərimizin həm bu gününə, həm də perspektivlərinə böyük kölgə sala bilər. Söhbət dörd Türkiyə vətəndaşının Ermənistan ərazisindən keçməklə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfərindən gedir.

AzVision.az xəbər verir ki, bu fikirləri AzərTAc-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, səfər çərçivəsində həmin vətəndaşlar qondarma Dağlıq Qarabağ rejimində bir sıra görüşlər keçirib, eyni zamanda, öz çıxışlarında həm Türkiyənin, həm də Azərbaycanın milli mənafeyinin əleyhinə olan fikirlər səsləndiriblər. Bu insanlar ölkələrinə geri qayıtdıqdan sonra Türkiyənin kütləvi informasiya vasitələrində səfərlərinin nəticələri haqqında geniş müsahibələr də veriblər. Müsahibələrində onların həmin səfərlərindən məmnun qaldıqları ifadə olunub. Bununla yanaşı, onlar öz səfərlərinin nəticələri haqqında danışarkən əslində həm Ermənistanı, həm də qondarma rejimi müdafiə edib, onların işinin haqq işi olduğu qənaətinə gələn fikirlər səsləndiriblər. Hətta qondarma rejimdəki ermənilərin qonaqpərvərliyi ilə bağlı fikirlər bildiriblər. Türkiyənin diplomatik əlaqə saxlamadığı, bu ölkəyə qarşı böyük ərazi iddiaları irəli sürən, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, bir milyondan çox insanımızı qaçqın və məcburi köçkün vəziyyətinə salan, Xocalıda bəşəri cinayət, soyqırımı törədən Ermənistan və onun yaratdığı qondarma rejim ilə bu səviyyədə əlaqələrin saxlanması, Türkiyə kanallarında bu cür antiazərbaycan və antitürkiyə təbliğatının aparılması çox böyük təəssüf doğurur. Türkiyənin müvafiq qurumlarının bu məsələyə göz yummaları da məyusedicidir. Bu hadisələr haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılığa səbəb olub.

Bu səfəri başa düşmək çox çətindir. Çünki bu səfəri edənlər bizim üçün dost, qardaş olan Türkiyənin vətəndaşlarıdır. Bunu heç cür başa düşmək mümkün deyil, biz bu hərəkəti gözləmirdik, amma istənilən halda bu, cinayətdir. Qondarma rejimə səfər əslində Azərbaycan dövlətinin işğal edilmiş torpaqlarımıza qeyri-qanuni səfər edilməməsi ilə bağlı tələblərinə məhəl qoyulmaması deməkdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin şəxslərlə bağlı cinayət işi açıb və Türkiyənin müvafiq qurumlarına bu haqda məlumat verilib. Lakin təəssüf ki, indiyə qədər Türkiyənin müvafiq qurumları tərəfindən bu istiqamətdə heç bir adekvat addım atılmayıb. Bu isə həmin insanları antiazərbaycan və antitürkiyə təbliğatlarını daha da genişləndirməyə imkan yaradır. Onların mütəmadi olaraq Türkiyə kanallarında çıxış etmələri, müsahibələrinə geniş yer ayrılması bu qənaətə gəlməyə əsas verir ki, Türkiyənin özündə bu cür insanların səfərlərini təşkil edən, Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinə zərbə vurmaq istəyən müəyyən qüvvələr var. Həmin qüvvələrin cəzalandırılmasına ehtiyac var, amma təəssüf ki, biz bunun şahidi olmuruq. Azərbaycan ictimaiyyəti baş vermiş bu hadisədən son dərəcə narahatdır.

Azərbaycan əleyhinə daha bir addımı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Türkiyə deputatlarından gördük. Azərbaycan əleyhinə iki ədalətsiz qətnamənin qəbulu zamanı şahidi olduq ki, Türkiyəni təmsil edən üç deputat da həmin sənədlərin lehinə səs verdi. Şübhəsiz ki, bu hadisə də cəmiyyətimizdə son dərəcə ciddi etirazla qarşılandı. Biz gözləyirik ki, bu məsələlərlə bağlı da Türkiyə tədbirlər görsün. Çünki o qüvvələr bilirlər ki, belə addımların atılması Azərbaycanda ciddi reaksiyaya səbəb ola və bu da nəticədə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilər. Onlar məhz bunu istəyirlər. Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan xalqı hər zaman ən çətin anında Türkiyənin yanında olub. Dövlətimizin başçısı Azərbaycanla yanaşı, Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. Prezident İlham Əliyevin AŞPA-dakı məlum çıxışı bunun əyani göstəricisidir. Hamının yadındadır ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitində Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti, dövləti, xalqı haqqında yalanlar söyləyərkən, şər-böhtan səsləndirərkən Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə onun səsini kəsdi və dedi ki, Türkiyə nümayəndələri burada yoxdursa, mən varam. Dövlətimizin başçısı Ermənistan prezidentinin yalanlarına faktlarla tutarlı cavab verdi. Azərbaycanın rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycan Prezidenti İlham Əliyev dərhal və qətiyyətlə öz mövqeyini ifadə etdi, Türkiyə dövlətinin, Türkiyə xalqının yanında olduğunu bildirdi, Azərbaycanın Türkiyənin legitim hakimiyyətini - Ərdoğan hakimiyyətini müdafiə etdiyini bildirdi.

Ermənipərəst qüvvələrin, dünyadakı erməni lobbisinin Azərbaycana təzyiqlər etməsi bizə təəccüblü deyil. Amma həmin qüvvələrin qardaş Türkiyənin nümayəndələrini Azərbaycana qarşı yönəltmələri və onların da özlərini ermənipərəst deputatlar kimi aparmaları bu gün haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub və böyük etiraza səbəb olub. Ümid edirik ki, Türkiyə dövləti, ölkə rəhbərliyi Azərbaycan-Türkiyə qardaşlıq, dostluq münasibətlərinə ləkə ola biləcək bu hadisələrlə bağlı lazımi ölçülər götürəcək, dostluğumuzun, qardaşlığımızın bundan sonra da davam etdirilməsi üçün adekvat addımlar atacaq.

AzVision.az


Teqlər: Elman-Nəsirov  





Xəbər lenti