"Yaradılan şəraitdən səmərəli istifadə olunmur" - Vasif Talıbov

"Yaradılan şəraitdən səmərəli istifadə olunmur" - Vasif Talıbov
  17 Oktyabr 2017    Oxunub:2261
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib.
AzVision.az xəbər verir ki, müşavirəyə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov rəhbərlik edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxışı zamanı bildirib ki, 2017-ci ildə ümumtəhsil məktəblərini 2973 məzun bitirib, onlardan 1496-sı ali təhsil müəssisələrinə, 239-u müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunub.

Onun sözlərinə görə, ali məktəblərə qəbul olan məzunların 289-u imtahanlarda 500-700 arası bal toplayıb, onlardan 3-ü Prezident təqaüdünə layiq görülüb.

"2017-ci ildə abituriyentlərdən 925-i Naxçıvan Dövlət Universitetinə, 196-sı “Naxçıvan” Universitetinə, 208-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub. 2016-2017-ci tədris ilində ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə 629, Heydər Əliyev adına Hərbi Liseyə isə 180 nəfər qəbul olub. Muxtar respublikada təhsilin dövlət qayğısı ilə əhatə edilməsi əldə olunan uğurlu nəticələrin gələcək illərdə də davamlı xarakter alacağını şərtləndirir".

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, bu gün istər ali, istərsə də orta ixtisas məktəbləri ən müasir təhsil şəraitinə malikdirlər.

Ali Məclisin sədri qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu üçün yeni tədris korpusu inşa olunur, ali və orta ixtisas təhsili məktəblərinin normal fəaliyyətləri üçün bütün şərait yaradılıb: “Lakin yaradılan şəraitdən səmərəli istifadə olunmur. Əgər 2016-cı ildə məzunlarımızın 1853 nəfəri, yaxud 90,4 faizi muxtar respublikadakı ali və orta ixtisas təhsili məktəblərini seçmişdirsə, 2017-ci ildə 1782 nəfəri, yaxud 87,2 faizi muxtar respublika ali və orta ixtisas təhsili məktəblərini seçib.

Artıq 3 ildir ki, ali və orta ixtisas təhsili məktəblərinin elmi dərəcəli müəllimlərinin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir. Bu, şagird seçimini tənzimləmək üçün də əlavə imkandır. 2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanında muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 16 ixtisas üzrə qəbul 50 faizdən aşağı olub, ümumilikdə isə tələbə qəbulu üzrə plan yerlərinin 13 faizi boş qalıb”.



V.Talıbov əlavə edib ki, hər il xarici ölkələrin məktəbləri muxtar respublikadan olan məzunları müxtəlif vədlərlə öz ölkələrində təhsilə cəlb edirlər:

“Təəssüf ki, o məktəblərin təyinatı və təhsil səviyyəsi barədə məzunlarımızda kifayət qədər məlumat olmur. Bu məktəblərlə müqayisədə daha yüksək təhsil və sosial şəraitə malik olan muxtar respublika ali məktəblərinin rəhbərləri isə xarici ölkələrdən tələbə təşviqi məsələsində gözləmə mövqeyində dayanırlar. Nəzərə almaq lazımdır ki, əcnəbi vətəndaşların muxtar respublikanın təhsil müəssisələrində təhsil almaları üçün ən müasir təhsil standartları və şərait mövcuddur. Əcnəbi tələbələrin ali təhsil müəssisəsində təhsil alması bir tərəfdən bu təhsil müəssisəsi üçün əlavə maliyyə dəstəyidirsə, digər tərəfdən Naxçıvanın tanıdılmasına və məktəbin reytinqinə də öz təsirini göstərir. Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Nax- çıvan Müəllimlər İnstitutu bu sahədə fəaliyyətlərini gücləndirməli, əcnəbi tələbələrin təhsil müəssisələrinə cəlbi istiqamətində zəruri işlər görməlidirlər”.

V.Talıbov vurğulayıb ki, müasir dövrdə hər bir ali və orta ixtisas təhsili məktəbi daha çox tələbənin cəlb olunmasına çalışmalıdır: "Çox təəssüf ki, muxtar respublikanın təhsil müəssisələrində qabaqcıl ali təhsil müəssisələrindən geri qalmayan müasir infrastrukturun yaradılmasına baxmayaraq, bu istiqamətdə fəaliyyət zəifdir. Tələbə təşviqinə təsir edən əsas amillərdən biri də təhsil müəssisəsindəki tədrisin səviyyəsidir. Buna görə də ali və orta ixtisas təhsili məktəblərində müasir tədris metodlarının tətbiqinə üstünlük verilməli, kadr hazırlığına diqqət artırılmalı, tədris və istehsalat təcrübələrinin keçirilməsində hami təşkilatların bazasından və imkanlarından səmərəli istifadə olunmalıdır. 2017-2018-ci tədris ilində qeyd olunan istiqamətlərdə fəaliyyət daha da gücləndirilməlidir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vasif-Talıbov   Naxçıvan  





Xəbər lenti