Azərbaycana gələn əcnəbilərin dəqiq sayı açıqlandı

  17 Oktyabr 2017    Oxunub : 644
Azərbaycana gələn əcnəbilərin dəqiq sayı açıqlandı

"2017-ci ilin 9 ayında 2 072 076 halda 1243346 nəfər əcnəbinin Azərbaycana girişi, 2 077 544 halda isə 1 241 005 nəfər əcnəbinin ölkədən çıxışı qeydə alınıb".

Dövlət Miqrasiya Xidmətindən (DMX) AzVision.az-a verilən məlumata görə, bunu DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmətdə 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirədə deyib.

F. Nəbiyev bildirib ki, 9 ayda ölkədə qalma müddətinə müvafiq olaraq, 633 827 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib. Belə ki, bu ilin doqquz ayında Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 17076 qərar qəbul edilib.

DMX rəisi qeyd edib ki, hesabat dövründə Xidmətə Azərbaycan ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 66828 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib. DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi bildirib ki, bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir ailə kimi yaşayır və bu, ölkəmizin uğurlu inkişafının vacib elementidir.

F. Nəbiyev qeyd edib ki, Azərbaycanın iştirakı ilə beynəlxalq nəqliyyat dəhlizinin yaradılması işi də bu gün uğurla davam etdirilir: “Bu da ölkəmizə qeyri-neft sektorundan gələcəkdə daha çox mənfəət qazanmaq imkanı verəcək. Bundan əlavə Azərbaycan həm də turizm ölkəsi kimi kifayət qədər böyük potensialını qısa vaxtda təqdim edə bilib. Bütün bu layihələr ölkəyə gələn əcnəbilərin sayında və bununla əlaqədar xidmətin keyfiyyətində özünü göstərir”.

Bildirilib ki, 2017-ci ilin doqquz ayı ərzində Xidmətin Çağrı mərkəzinə 79614 zəng daxil olub.

Daha sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Müşavirəyə F. Nəbiyev yekun vurub. Xidmət rəisi deyib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX-nın müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi kimi vəzifə və tapşırıqların bundan sonra da müvəffəqiyyətlə yerinə yetirməsi üçün miqrasiya orqanlarında xidmət aparan əməkdaşlar daha böyük səylə çalışacaqlar.

AzVision.az

Teqlər: DMX   miqrant   turist