Azərbaycanın ucqar dağ kəndi: Burada satıcılar ingilis dilində danışır (FOTOLAR)

Azərbaycanın ucqar dağ kəndi: Burada satıcılar ingilis dilində danışır (FOTOLAR)
  18 Oktyabr 2017    Oxunub:27807
İsmayıllının Lahıc qəsəbəsi ölkəmizin qədim və tarixi yerlərindən biridir. Bu qəsəbənin tarixiliyi, dağlıq ərazidə yerləşməsi və gözəl təbiəti turistləri özünə daha çox cəlb edir. İl ərzində yüz mindən çox turistin Lahıca səfər etdiyi bildirilir. Burada yalnız yay mövsümündə deyil, ilin istənilən fəslində əcnəbi turistə rast gəlmək olar.
Lahıca səfərimiz zamanı Alice xanımla həmsöhbət olduq. O, İsmayıllıya anası ilə birlikdə İtaliyanın Florensiya şəhərindən gəlib. Qonaqlar Lahıcda ilk dəfə olduqlarını, qəsəbəni çox bəyəndiklərini dedilər. Qəsəbənin qədim tarixi və sənətkarların əl işləri onların marağına səbəb olub.



Lahıcda demək olar ki, addımbaşı sənətkarlıq məhsulları və təbii bitkilər satılan mağazalara rast gəlmək mümkündür. Suvenir satışı ilə məşğul olan qəsəbə sakini Şamama xanım havalarınn soyuması ilə əlaqədar turistlərin sayının azaldığını deyib. Onun sözlərinə görə, yay fəslində qəsəbəyə gələn turistlərin sayı çox olur, nəinki indi...

Lahıca xarici turistlərin axını ilə əlaqədar yerli sakinlər, xüsusilə də satış işi ilə məşğul olanlar ingilis dilini öyrənməyə məcbur olublar. Şamama xanım bildirib ki, mağaza sahibləri, satıcılar xarici qonaqlarla ingilis dilində danışırlar.



Bundan əlavə Lahıc qəsəbəsi Azərbaycanın misgərlik paytaxtı hesab olunur. Misgərlik ənənələrini bu gün də yaşadan sənətkarların yaşadığı qəsəbədə məşhur sənətkarlardan biri Nəzər Əliyevdir. Sənətkar emalatxanasında müxtəlif mis məmulatları hazırlayır. Onun əl işləri Lahıc qəsəbəsinə səfər edən turistlər tərəfindən böyük maraqla qarşılanır.

N.Əliyev yay fəslində hər gün yüzlərlə turistin Lahıca səfər etdiyini deyib. Onun sözlərinə görə, qəsəbədə yaşayanların yarıdan çoxu turizm hesabına dolanır. Turistlər hədiyyə olaraq daha çox suvenirlər alırlar.



Lakin turist səfərlərinin mövsümi xarakter daşıması Nəzər ustanın ailə biznesinə də müəyyən qədər təsir. Bu sahədə fəaliyyətini genişləndirmək və il boyu əl işlərinin hazırlanması ilə məşğul olub, daha çox qazanc götürmək məqsədilə sənətkar “ABAD”a müraciət edib. Hazırladığı sənətkarlıq məhsullarını “ABAD”la əməkdaşlıq edərək satışa çıxarır.

Nəzər usta əl işlərinin indiyədək bir çox sərgilərdə nümayiş etdirildiyini və böyük rəğbətlə qarşılandığını sözlərinə əlavə edib.

“Bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmişəm. Əl işlərim Fransa, Avstriya və digər ölkələrdə nümayiş etdirilib. Həmçinin ölkəmizdə keçirilən bir çox tədbirlərdə işlərim nümayiş olunub”.



Lahıcda olduğumuz zaman təsadüfən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla qarşılaşdıq. Söhbət zamanı icra başçısı ata yurdu olan Lahıcda evinin olduğu bildirdi.

“Burada evimiz var. Tez-tez Lahıca baş çəkirəm. Yerli sakinlər kimi mən də bazarlığa özüm gedirəm. Odunumu da özüm doğrayıram, digər işləri də özüm edirəm. Qonşum görür ki, mənim onlardan heç bir fərqim yoxdur. Bax, münasibətlər bu cür olmalıdır. Evimin hasarlarını özüm hördüm. Həyətdə işləyirəm. Bu, zəhmətə alışmağımın göstəricisidir. Hesab edirəm ki, hər bir insan belə olmalıdır”.



İcra başçısının sözlərinə görı, il ərzində Lahıca 100 minə yaxın turist səfər edir: “Lahıca hər gələn turist 3 manat xərcləsə, bu, orta hesabla gündəlik 15-20 min manat edir. Elə vaxt olur ki, bu rəqəm daha çox olur. Lahıcın xüsusi inkişaf planı olmalıdır. Bu, Azərbaycanda qədim sənətkarlığı qorumaq üçün lazımdır”.

İcra başçısı Lahıcın təkcə Azərbaycanda deyil, bütün dünyada tanındığını söyləyib.












Anar Kəlbiyev
AzVision.az


Teqlər: Lahıc   İsmayıllı  





Xəbər lenti