Bakıda iki müəmmalı yol nişanı - Onları pozanı 6 min manat cərimə gözləyir

Bakıda iki müəmmalı yol nişanı - Onları pozanı 6 min manat cərimə gözləyir
  18 Oktyabr 2017    Oxunub:6247
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Bakı şəhərində biri qanunda nəzərdə tutulmayan, digəri isə birlikdə tətbiq edilməsi mümkün olmayan nişanların qoyulması ilə bağlı məlumat paylaşıb.
Məlumat ictimailəşəndən sonra DYP açıqlama yayaraq, həmin nişanların onlar tərəfindən quraşdırılmadığını açıqlayıb. Dərhal nişanlardan biri götürülüb. Həmin yol nişanlarının kimlər tərəfindən quraşdırıldığı məlum deyil.

Ərşad Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçəsində əlillərlə bağlı yerləşdirilən nişan nə qanunda, nə də konvensiyada nəzərdə tutulub.

Ekspertin sözlərinə görə, həmin nişanı hər hansı bir şəxs özbaşına olaraq əraziyə yerləşdirib.

“Əlillərlə bağlı olan nişan kiminsə fantaziyasıdır. Həmin ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları onu dərhal görsəydilər, yaxşı olardı. Çünki gündəlik olaraq həmin ərazidə xidmət aparırlar”.

Ə.Hüseynov qeyd edib ki, qanunsuz olaraq bu nişanları quraşdıran şəxslər iki inzibati xəta törədib: “Xətalardan biri odur ki, kimsə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmadan özbaşına həmin yerə nişan yerləşdirib. Digər bir xəta isə həmin nişanın qanunda olmamasıdır. Komissiyanın qərarı olmadan həmin nişanı qoyan fiziki şəxs 30-50 manat civarında cərimə olunmalıdır. Digər tərəfdən qanunda nəzərdə tutulmayan nişanı qoymağa görə isə 80-100 manat cərimə nəzərdə tutulub.

Qanunda nəzərdə tutulmayan nişanı qoyan hüquqi şəxs olarsa, 3000 min manatdan 4000 manata qədər cərimə oluna bilər. Həmçinin müəyyənləşsə ki, həmin nişanı hansısa bir təşkilat qoyub və həmin təşkilatı iki cərimə gözləyir. Komissiyanın qərarı olmadan nişan qoymağa görə, 1500 manatdan 2000 min manatadək, qanunda nəzərdə tutulmayan nişana görə isə 3000 min manatdan 4000 min manatadək cərimə nəzərdə tutulub”.

İkinci nişanla bağlı yol hərəkəti üzrə ekspert əlavə edib ki, həmin nişanların birlikdə qoyulması düzgün deyil: “Həmin nişanlar standarta uyğundur, amma birlikdə qoyula bilməz. Bu nişanları birgə qoyulması o deməkdir ki, nişan qoyulan yerdən yolun 150 metr hissəsində hər yer piyada keçidi var. Bu, düzgün deyil. Həmin nişanlar qanunauyğundur, amma birlikdə qoyula bilməz. Komissiyanın qərarı olmadan həmin nişanı qoyan vəzifəli şəxs 150-200 manat cərimə oluna bilər”.


Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ərşad-Hüseynov  





Xəbər lenti