ABŞ-la aqrar sahədə əməkdaşlıq gücləndirilir

  18 Oktyabr 2017    Oxunub : 350
ABŞ-la aqrar sahədə əməkdaşlıq gücləndirilir

Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Qil və ABŞ-ın Ankaradakı Ticarət Xidmətinin rəhbəri, ticarət müşaviri Bill Çaykovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a bildirilib ki, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bu sahədə sərmayə qoyuluşunun müzakirəsi olub.

İ.Quliyev deyib ki, ABŞ-la Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələr yeni müstəvidə inkişaf edəcək. O, dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.
İ.Quliyev bildirib ki, Azərbaycan neft ölkəsi olsa da, hal-hazırda ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda sərmayə qoyuluşunu genişləndirmək üçün infrastruktur layihələr həyata keçirilir. Nazir müavini həmçinin Azərbaycanda fermer və sahibkarların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduğunu, gübrələrin 70%, kənd təsərrüfatı texnikalarının 40% güzəştlə verildiyini, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalanma Mərkəzinin tikildiyini qonaqların diqqətinə çatdırıb.

Nazir müavini ABŞ-ın iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirib. O, ABŞ-ın JOHN DEERE şirkəti ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, JOHN DEERE şirkəti ilə əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə işçi qrupunun yaradıldığını və yaxın günlərdə qurupun geniş tərkibdə toplantısının keçiriləcəyini diqqətə çatdırıb.

İlham Quliyev FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə ofisi ilə də sıx əlaqələrin olduğunu və birgə layihələrin həyata keçirildiyini, həmçinin fermerlərin bu layihələrdən faydalandığını qeyd edib. Qəbula görə minnətdarlığını bildirən Uilyam Qil Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

AzVision.az

Teqlər: ABŞ   aqrar