“Azərbaycan Avropa elektrik enerji bazarına inteqrasiya olunacaq”

  19 Oktyabr 2017    Oxunub : 424
“Azərbaycan Avropa elektrik enerji bazarına inteqrasiya olunacaq”

"Ən yaxın perspektivdə - “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 MVt gücündə “Yaşma”, 385 MVt gücündə “Səngəçal-2” istilik elektrik stansiyalarının inşası nəzərdə tutulur".

AzVision.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

"Azərenerji" ASC-nin prezidenti qeyd edib ki, ötürücü infrastrukturun rəqəmsal texnologiyalar əsasında yenidən qurulması işləri gələn ildən daha da intensivləşdiriləcək:

““Azərenerji” ASC tərəfindən artıq tətbiqinə başlanılmış bu innovativ texnologiya ənənəvi texnologiyalardan yüksək dərəcədə avtomatlaşdırma səviyyəsi, bütün proseslərin rəqəmsal şəkildə aparılması ilə fərqlənir. Dövlət başçısının tapşırığı əsasında bölgələrdə su elektrik stansiyalarının tikintisi də davam etdiriləcəkdir. Hidroenerji resurslarından geniş istifadə həm regionların sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərir, həm enerjisistemin generasiya güclərinin strukturunu yaxşılaşdırır və elektrik enerjisi istehsalına yanacağın sərfini azaldır, həm də pik güclərinin daha effektiv tənzimlənməsinə öz töhfəsini vermiş olur".

Müəllif vurğulayıb ki, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması bizə gələcəkdə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmaq imkanı verəcək:

"Hazırda Azərbaycanın enerji sistemi Rusiya Federasiyasının və Gürcüstanın enerji sistemləri ilə paralel rejimdə işləyir. Türkiyə enerji sistemi ilə Naxçıvan MR arasında birbaşa, Azərbaycanla isə Gürcüstan vasitəsi ilə əlaqə həyata keçirilir. İranla “ada” rejimində işləmək şərti ilə əlaqə mövcuddur".

AzVision.az

Teqlər: "Azərenerji"   Etibar-Pirverdiyev