Müstəqillik Günü Berlində qeyd edilib

  19 Oktyabr 2017    Oxunub : 483
Müstəqillik Günü Berlində qeyd edilib

Berlində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin mətbuat xidmətdən AzVision.az-a verilən xəbərə görə, “Azərbaycan Evi”nin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı Səfirliyinin və SOCAR-ın Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə keçirilmiş tədbirdə Berlin əyalət parlamentinin, alman ictimaiyyətinin, Almaniyadakı Azərbaycan, türk, rus, yəhudi icmalarının üzvləri və Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələri iştirak ediblər.

“Almaniyada Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi”nin sədri Qurban Ələkbərov tədbiri tədbir iştirakçılarını salamlayıb və bayram münasibətilə təbrik edib. O, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin tarixi barədə danışıb, Azərbaycan Respublikasının 1918-1920-ci illərdə müsəlman Şərqində mövcud olmuş ilk demokratik respublikanın varisi olduğunu söyləyib. Q.Ələkbərov ötən iyirmi altı il ərzində Azərbaycan dövlətçiliyinin möhkəmləndiyini və ölkəmizin dinamik inkişaf etdiyini qeyd edib və bu kontekstdə Azərbaycanın ötən illərdə əldə etdiyi nailiyyətlər barədə danışıb.

Daha sonra “Almaniya Rusdilli Valideyinlər Birliyi”nin təmsilçisi Pavel Ageyev və müxtəlif türk diasporu təşkilatlarının nümayəndələri çıxış edərək, Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik ediblər.

Tədbirdə həmçinin Azərbaycan diasporunun qarşısında duran vəzifələr və gələcək planlar barədə fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçılarına ziyafət verilib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Berlin