“Azərbaycanla Aİ arasında intensiv danışıqlar aparılır” – XİN rəsmisi

  19 Oktyabr 2017    Oxunub : 549
“Azərbaycanla Aİ arasında intensiv danışıqlar aparılır” – XİN rəsmisi

İtaliyanın Trentino-Alto Adige muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər.

Xarici İşlər Nazirliyindən (XİN) AzVision.az-a verilən məlumata görə, bunu XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev İtaliyanın "Nodo di Gordio" beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marciglianoya müsahibəsində deyib.

XİN rəsmisi müsahibədə Avropa İttifaqı (Aİ) və İtaliya ilə əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Bu xüsusda, H.Hacıyev Azərbaycanın Avropa ilə sıx bağlılığı, terrorizm, qanunsuz miqrasiya, ektremizm və radikalizmin qarşısının alınmasında oynadığı mühüm rolu, Avropanın enerji təhlükəsizliyinə töhfəsi kimi məsələlərdən söz açaraq ölkəmizin Avropa İttifaqı və o cümlədən İtaliyanın “təbii tərəfdaşı” olduğunu bildirib.

Habelə, o, Azərbaycanla Aİ arasında Strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılması üzrə intensiv danışıqlar aparıldığını və bu sazişin qarşıdan gələn illərdə Aİ ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün mühüm çərçivə rolunu oynayacağını vurğulayıb.

Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı sualı cavablandıran H.Hacıyev bütün beynəlxalq ictimaiyyət kimi regiondakı vəziyyətin Azərbaycanı da narahat etdiyini qeyd edib. Regionda sabitliyin təmin olunması üçün o, uzun sürən münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun köklü həllinin tapılması, dövlətlərin daxili işlərinə qarışmağa və idarəçilik sistemini zorakı yollarla dəyişməyi nəzərdə tutan siyasi eksperimentlərə son qoyulması və dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsinin zəruri olduğunu bildirib.

XİN rəsmisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atıla biləcək addımlar və bu xüsusda İtaliyanın töhfəsinə dair sualı cavablandıraraq bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları və atılmalı olan addımlar bəllidir. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə əlaqədar qəbul etdiyi dörd qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edərək, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir.

Münaqişənin həllinə İtaliyanın töhfəsinə gəldikdə isə, o deyib ki, İtaliyanın Trentino-Alto Adige muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər və İtaliyanın ATƏT-in Minsk Qrupunda üzvlüyünü və gələn ATƏT-ə sədrliyini nəzərə alaraq, Minsk Qrupu çərçivəsində də bu modelin öyrənilməsi və İtaliyanın təcrübəsinin bölüşülməsi çox faydalı olardı.

Müsahibə əsnasında H.Hacıyev Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi kimi məsələlərə də toxunub.

Müsahibə İtaliyanın nüfuzlu "İl Giornale" qəzetində dərc edilib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: XİN   Hikmət-Hacıyev