“4 min köçkün ailəsi yeni evlərə köçürüləcək” - Əli Həsənov

“4 min köçkün ailəsi yeni evlərə köçürüləcək” - Əli Həsənov
  19 Oktyabr 2017    Oxunub:2261
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun rəhbərliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib.
AzVision.az xəbər verir ki, kollegiya iclasını giriş sözü ilə açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov gündəliyə daxil edilmiş məsələlərin müzakirəsi zamanı əsas diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş və proqram xarakterli çıxışında səsləndirdiyi müddəalara və qarşıya qoyduğu vəzifələrə yönəldərək bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da güclənmiş, davamlı inkişaf dinamikası təmin olunub.

Baş nazirin müavini Əli Həsənov cənab Prezidentin həmin iclasdakı çıxışına və statistik rəqəmlərə istinad etməklə bu ilin ötən dövründə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını diqqətə çatdıraraq həmçinin dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətlərdən, diplomatik uğurlardan, respublikamızın dünya birliyində reytinqinin yüksəlməsinə səbəb olan amillərdən ətraflı söhbət açıb.

Ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov onu da bildirib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir! Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir.

Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Əli Həsənov diqqətə çatdırıb ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyan sessiyadakı çıxışında həmişə olduğu kimi heç bir əsasa söykənməyən fikirləri böyük gülünc doğurdu və Ermənistanın özündə böyük narahatçılıq səbəb oldu. “Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, faktlara söykənən təmkinli və yüksək səviyyəli çıxışı ilə son 25 ildə Ermənistanın cinayətkar rejiminin törətdiyi hadisələri bütün dünyanın diqqətinə çatdırdı. Həmçinin çıxış üçün ayrılmış çox qısa bir vaxt ərzində ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı böyük uğurlar barədə dolğun təsəvvür yaratdı”.

Cocuq Mərcanlının bərpasını Böyük Qayıdışın başlanğıcı adlandıran Baş nazirin müavini Əli Həsənov Nazirlər Kabinetinin son iclasındakı çıxışında cənab Prezidentin də bu tarixi hadisəyə bir daha xüsusi önəm verdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda kənddə ikinci mərhələdə aparılan bərpa işləri də cənab Prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir. Ən başlıcası isə dövlətimizin başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır ki, bunlar da olduqca mühüm önəm daşıyır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Mehriban xanım Əliyeva tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təmələnin qoyulması, bu yaxınlarda isə «Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi»nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki «Gənclər Şəhərciyi»ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsi və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq başlanan işlərin uğurla davam etdirilməsi də məhz bu diqqət və qayğının nəticəsidir. Bütün bunlar bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin prioritetidir.

“Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir”.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onların müxtəlif problemlərinin həllinə hərtərəfli dövlət qayğısının müntəzəm diqqət mərkəzində saxlanılmasını önə çəkən Baş nazirin müavini bildirib ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər tam şəkildə dövlətin təminatındadır, onların problemlərinin, xüsusən də mənzil-məişət problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin gündəlik diqqət mərkəzindədir. Bu baxımdan bu il də məcburi köçkünlər üçün yeni qəsəbələr salındığını diqqətə çatdıran Əli Həsənov deyib ki, onlardan biri Tərtər rayonunda bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilən 1176 ailəlik böyük qəsəbədir, yaxın günlərdə bu yaşayış kompleksi istifadəyə veriləcək. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin, digər infrastrukturların da inşası başa çatmaq üzrədir.

Həmçinin, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Əli Həsənov bir daha diqqətə çatdırıb ki, dövlətimizin başçısının da, ölkənin Birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcəkdir. Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir.

AzVision.az



Teqlər: Əli-Həsənov  





Xəbər lenti