“Azərbaycanı AŞPA-dan məhrum etmək istəyirlər” - Səməd Seyidov

“Azərbaycanı AŞPA-dan məhrum etmək istəyirlər” - Səməd Seyidov
  20 Oktyabr 2017    Oxunub:2895
“Avropa Şurasının sonuncu sessiyası digər sessiyalardan fərqli olaraq bizim üçün elə də asan keçmədi”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, sessiyada Azərbaycan nümayəndə heyəti ölkəmizi layiqincə təmsil edib: “Sessiyanın bir neçə günü Azərbayana həsr olunub. Nəyə görə Azərbaycan məsələsi gündəmə gətirilmişdi, bu, bizə aydın idi. Avropa Şurasının özündə gedən proseslər ona deməyə əsas verir ki, Avropa Şurasının problemlərini həll etmək üçün hansısa ölkələri hədəfə gətirirlər. Təəssüflər olsun ki, Azərbaycana qarşı qəbul olunan qətnamənin müzakirəsi zamanı iclaslara gəlməyən şəxslər də sessiyaya qatılmışdılar. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Məhz bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər”.

S.Seyidov bildirib ki, Avropa Şurasının baş katibi qanunun aliliyini alətə çevirərək Azərbaycana qarşı təzyiq etməyə çalışır: “Sağlam qüvvələr bu insanların girovuna çevrilib. Səsvermə zamanı bir qrup insan bunların təsirinə düşüb, Azərbaycan əleyhinə qarşı qətnaməyə səs verdilər. Ukraynalı deputatlar bizim əleyhimizə səs veriblər. Bu, o deməkdir ki, onlar həm də Ukraynanın əleyhinə səs vermiş oldular. Hakim partiyanın deputatlarından başqa, digər partiyaların nümayəndələri Azərbaycan əleyhinə səs verib. Demək istəyirəm ki, Ukrayna-Azərbaycan münasibətləri normaldır”.

Komitə sədri vurğulayıb ki, Avropa Şurası ilə münasibətlərimizi çox ciddi təhlil etməliyik: “Heç bir dövlət özünə qarşı təzyiqi qəbul etməz. Biz əlimizdən gələni etməliyik ki, Avropa Şurası ilə əlaqələr ikitərəfli qarşılıqlı hörmət əsasında olsun. Təzyiqlər həddindən çoxdur. Bunlar hamısı Azərbaycanın uğurlu siyasəti ilə bağlıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Səməd-Seyidov  





Xəbər lenti