Çovdarovu kim güllələyib? - Deputat açıqlama verdi

  23 Oktyabr 2017    Oxunub : 3499
Çovdarovu kim güllələyib? - Deputat açıqlama verdi

Oktyabrın 19-da Marneulidə baş vermiş silahlı insident zamanı yaralanmış hakim “Gürcü Arzusu” Partiyasının Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə AzVision.az-a Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov məlumt verilib.

Deputat bildirib ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı bu günə qədər məlumat yoxdur:

“Hazırda məsələ araşdırılır, amma hadisənin səbəbi ilə bağlı heç bir açıqlama verilmir. İnsidentin seçkilərlə əlaqələri olduğunu düşünmürəm. Ola bilər ki, şəxsi məsələdir. Marneuli kiçik rayondur və orada hər kəs bir-birini yaxşı tanıyır. Ceyhun hörmətli şəxsdir. Onun kimlər tərəfindən güllələnməsi bizə də məlum deyil”.

Gürcüstanda keçirilən bələdiyyə seçkilərinə gəlincə, A.Süleymanov qeyd edib ki, seçkilər zamanı qanun pozuntularına yol verilib.

Qeyd edək ki, “Gürcü Arzusu” Partiyasının Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə majoritar namizədi Ceyhun Çovdarov oktyabrın 19-da Marneulidə baş vermiş silahlı insident zamanı yaralanıb. Çovdarovla yanaşı onu müşayiət edən 4 nəfər də yaralanıb. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir.

Artıq başa çatan seçkilərdə C.Çovdarov səs çoxluğu əldə edib. Qızılhacılı kəndinin 89 saylı seçki məntəqəsi üzrə səsvermə protokolunda C.Çovdarovun 240 səs əldə edərək birinci yer tutduğu qeyd olunub.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Marneuli   Gürcüstan