“Heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir” - Prezidentin köməkçisi

“Heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir” -  Prezidentin köməkçisi
  23 Oktyabr 2017    Oxunub:1813
“Bu gün dünya birliyinin ən çox ədalətə ehtiyacı var. Amma təəssüflər olsun ki, AŞ PA və digər belə qurumlar ədaləti kiçik geosiyasi maraqlara qurban verirlər”.

Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov jurnalistlərə deyib.
N.Məmmədov bildirib ki, ədalətin olmadığı yerdə isə Qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz: “Ədalət yoxdursa, insan haqları, azadlıqlar məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".

Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi vurğulayıb ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların ədalətli olmasını istəyir: “Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür. Ancaq həmin işğalçıya-Ermənistana heç kim heç nə demir”.

N.Məmmədov qeyd edib ki, 21-ci əsrdə, insan intellektinin ən yüksək inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasınlda, ölkələrdə baş verən proseslər göz önündədir: "İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, həyatını itirir, bu barədə danışan yoxdur. Amma bu proseslər öz-özünə baş vermir. Belə olan halda isə tək bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və həmin böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər. 20-ci əsrdə iki dünya müharibəsi olub, o dövlətləri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".

N.Məmmədov Azərbaycanın AŞ PA-dan çıxıb-çıxmaması məsələsi haqqında da danışıb. O qeyd edib ki, söhbət ondan gedir ki, buna Azərbaycan qərar verə bilər: “Azərbaycan isə səbrlidir. Azərbaycan lazım bilən zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər. Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz". (Trend)

AzVision.az


Teqlər: PA   AŞPA   Novruz-Məmmədov  





Xəbər lenti