Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb
  23 Oktyabr 2017    Oxunub:1055
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-60 , Naxçıvan Muxtar Respublikası çaylarında isə 150 faizini təşkil edir.
Departamentdən AzVision.az-a bildirilib ki, oktyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 142 kubmetr olmaqla ongünlük normanın 86 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 198 kubmetr təşkil etməklə ongünlük normanın 120 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 59 kubmetr olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici saniyədə 138 kubmetr təşkil edərək ongünlük normanın 150 faizinə bərabər olub.

Oktyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda və Bankədə 4, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 6 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 344 (2016-cı il oktyabrın 23-də 564 sm), Şirvanda 231, Salyanda 181 (2016-cı il oktyabrın 23-də 400 sm), Bankədə 183 (2016-cı il oktyabrın 23-də 285 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 santimetr (2016-cı il oktyabrın 23-də 275 sm) təşkil edir.

AzVision.az


Teqlər: çay  





Xəbər lenti