“Hərə bir “papka”nı qoltuğuna vurub gəlirdi...” - Vahid Əhmədov

  23 Oktyabr 2017    Oxunub : 1700
“Hərə bir “papka”nı qoltuğuna vurub gəlirdi...” - Vahid Əhmədov

Sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılacaq. Sahibkarlıq obyektlərində yoxlamaların iki il müddətinə dayandırılması bu ilin noyabr ayının 1-si başa çatır.

Bununla bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik müzakirə olunub.

Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Müzakirələrdən sonra dəyişiklik plenar iclasa tövsiyə olunub.

İqtisadçı deputat Vahid Əhmədov AzVision.az-a bildirib ki, sahibkarlıq sahələrində yoxlamaların 2 illik dayandırılması ilə bağlı monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən, yoxlamaların dayandırılması sahibkarlığın inkişafına təkan verib.

“Bundan əvvəl hər qurumun təmsilçisi qoltuğuna bir papka vurub sahibkarların fəaliyyətini yoxlamağa gedirdi. Sahibkarlıq sahələrindəki yoxlamalar insanlara əziyyət verirdi. Yoxlamaların dayandırılması bunun qarşısını aldı. Cənab prezident Milli Məclisə sənəd göndərdi. Sənədə əsasən, sahibkarlıq sahələrində yoxlamaların dayandırılması 2021-ci ilədək uzadılır. Bu, çox əhəmiyyətli sənəddir.

Sahibkarlıq qeyri-neft sektorunun bir hissəsidir. Yoxlamaların daha 4 il dayandırılması qeyri-neft sektorunun inkişafına öz töhvəsini verəcək”.

V.Əhmədov əlavə edib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna yeni maddə əlavə edilir: “Dərman vasitələrinin və qida məhsullarının yoxlanılması əlavə edilib. Çünki həm dərman vasitələrinin, həm də qida məhsullarının keyfiyyəti ilə bağlı ciddi problemlər yaranmışdı. Ona görə də bu məhsullar yoxlamadan keçiriləcək”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Vahid-Əhmədov