Cocuq Mərcanlının günəşli payızı - Fotolar

Cocuq Mərcanlının günəşli payızı - Fotolar
  23 Oktyabr 2017    Oxunub:2120
Azərbaycan Ordusunun 2016-cı ilin uğurlu aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun yenidən qurularaq ikinci həyatına qovuşan Cocuq Mərcanlı kəndi hər bir azərbaycanlının gedib görmək istədiyi doğma Qarabağımızın bir parçasıdır. Hər kəs 24 illik həsrətdən sonra bu Vətən torpağını görməyə, o yerlərin havasını udmağa, suyundan içməyə, torpağına ayaq basmağa can atır.
Prezident İlham Əliyevin Sərəncamı ilə gözəl, abad qəsəbəyə çevrilən bu məkanın yeni həyatını gözləri ilə görmək, uzun yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən ucalan yurd-yuvalarına dönmüş Cocuq Mərcanlı sakinlərinin sevincinə şərik olmaq üçün bura üz tutan qonaqların ardı-arası kəsilmir. Cocuq Mərcanlının növbəti qonağı burada baş verənləri anbaan izləyən, bu informasiyaları həm ölkə vətəndaşlarına, həm də dünyaya çatdıran Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın bir qrup əməkdaşı olub.



Agentliyin jurnalistlərinin günəşli bir payız gününə təsadüf edən Cocuq Mərcanlı səfəri Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarətlə başladı, qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anıldı. Kollektivin üzvləri sonra şəhid Novruz Aslanov adına tam orta məktəbə gəldilər. Yeni qəsəbədəki yeni müasir məktəb qapılarını müəllim və şagirdlərin üzünə təxminən iki ay əvvəl açıb. İyirmi dörd il sürən fasilədən sonra Cocuq Mərcanlıda ilk dəfə məktəb zəngi səslənib: 16 müəllim və 60 şagird sinif otaqlarına qədəm qoyub. Bazar günü olmasına baxmayaraq, onların bir çoxu AZƏRTAC-ın əməkdaşları ilə görüşə toplaşmışdı.



Qonaqlar sinif otaqlarını, fənn kabinetlərini bir-bir gəzib müəllim və şagirdlərlə həmsöhbət oldular. Məktəbə müxtəlif dərs və idman ləvazimatları hədiyyə edildi. Agentliyin Baş direktoru Aslan Aslanov müəllim və şagirdləri doğma yurda qovuşmaları münasibətilə kollektiv adından təbrik etdi, onların sevincini bölüşdü. Bu gözəl təhsil ocağında tədrisin yüksək səviyyədə aparılacağına əminliyini bildirdi, onlara uğurlar arzuladı.



Görüşün ən təsirli məqamlarından biri AZƏRTAC-ın əməkdaşı Dağbəyi İsmayılovun nəvəsi Bakı məktəblisi Nuray İsmayılovanın Cocuq Mərcanlı məktəbinin üçüncü sinif şagirdi Nuray Aslanovaya göndərdiyi məktub və kitab oldu. Cocuq Mərcanlıdakı adaşını və onun məktəbli yoldaşlarını qaranquşlara bənzədən Nuray arzularını dilə gətirərək yazır: “Babamın yurdu Qubadlı da düşmən işğalı altındadır. Çox arzu edirəm ki, bütün torpaqlarımız tezliklə düşməndən təmizlənsin, mən də sənin kimi babamın kəndinə gedim, o gözəl yerləri görüm”.



Erməni təcavüzü, Qarabağ müharibəsi hər iki Nurayın taleyində acı izlər qoyub. Balaca qızların hər ikisinin əmisi – Elgün İsmayılov və Novruz Aslanov düşmənlə döyüşdə şəhid olub. Bu, görüş iştirakçılarını son dərəcə mütəəssir etdi. Yeri gəlmişkən, Cocuq Mərcanlı kənd tam orta məktəbi şəhid Novruz Aslanovun adını daşıyır. Səfərdən xatirə olaraq AZƏRTAC-ın jurnalistləri məktəbin həyətində Eldar şamları əkdi. Məktəbin direktoru Zamin Həziyev onlarla görüşə gəldiklərinə, mənəvi dəstək olduqlarına görə AZƏRTAC-ın əməkdaşlarına minnətdarlığını bildirdi.



Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidlə tanışlıq da qonaqlarda unudulmaz təəssürat yaratdı. Burada şəhidlərin ruhuna dua oxundu. Jurnalistlər daha sonra kənddə aparılan quruculuq işlərinin növbəti mərhələsi çərçivəsində tikintisi gedən yeni evlərə və binalara da baxdılar. Bu mərhələdə 100 evin, uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər infrastruktur obyektlərinin tikintisi aparılır.



Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, kənd icra nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlını ən çətin anlarda belə tərk etməyən, dövlətimizin başçısının Sərəncamı ilə birinci dərəcəli “Əmək” ordeninə layiq görülən Oqtay Həziyev və qəsəbə sakinləri söhbət zamanı onlara bu şəraiti yaradan, məcburi köçkünlərə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıq duyğularını dilə gətirdilər, işğal altındakı bütün torpaqlarımızın azad olunacağına inamlarını ifadə etdilər.

AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti