Azərbaycan kommunistləri Əli Kərimliyə qarşı: “Mitinqlərə dəstək vermirik”

Azərbaycan kommunistləri Əli Kərimliyə qarşı: “Mitinqlərə dəstək vermirik”
  24 Oktyabr 2017    Oxunub:4461
“Azərbaycanda Qərbdən qidalanan siyasi partiyaların mitinq və etiraz aksiyalarını ölkəmiz əleyhinə olan qüvvələrin dəyirmanına su tökmək kimi qiymətləndirirəm”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib.
Partiya sədri hesab edir ki, bu cür mitinqlərlə Azərbaycanın mənafeyinə xidmət etmək olmaz:
“Hesab edirəm ki, dünyanın belə bir gərgin şəraitində mitinqlərin keçirilməsi dövlət və xalqımızın maraqlarına, mənafeyinə uyğun deyil. Qərbdən qidalanan partiyalar mitinq və etiraz aksiyaları keçirməklə ictimaiyyətin diqqətinə özünə cəlb etmək istəyir. Amma, bu cür mitinqlərlə Azərbaycanın mənafeyinə xidmət etmək olmaz. Bu mitinqləri məqbul hesab etmirəm. Hətta yersiz və mənasız olduğunu düşünürəm”.

R.Qurbanov bildirib ki, partiya üzvlərinin heç biri müxalifətin mitinqlərinə dəstək vermir: “Azərbaycan Kommunist Partiyası demokratik mərkəziyyət prinsipi əsasında fəaliyyət göstərir. Yəni, üzvlərimizin partiyanın keçirmədiyi hər hansı bir tədbirə qatılması yolverilməz haldır. Azərbaycan Kommunist Partiyası müxalifətin keçirdiyi heç bir mitinqə dəstək vermir. Üzvlərimiz də onların mitinqlərinə qatılmır”.

Qeyd edək ki, müxalifətin radikal qanadı olan Milli Şura AXCP sədri Əli Kərimlinin təşəbbüsü ilə Bakıda bir neçə dəfə icazəsi mitinq keçirib. Radikalların növbəti mitinqi oktyabrın 28-ə təyin edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: AKP   Kommunist  





Xəbər lenti