Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramı hazırlayıb

Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramı hazırlayıb
  24 Oktyabr 2017    Oxunub:3521
Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.

"Azərbaycan üçün digər narahat doğuran məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir".

Xarici işlər naziri, həmçinin deyib ki, Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır: "Mənim ölkəmdə məcburi köçürmə Ermənistanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsinin və hazırda hərbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyona yaxın azərbaycanlı mülki şəxsə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bu Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevirib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır və bu mənim hökumətim üçün birinci prioritet məsələ olaraq qalır.

Məcburi köçkünlərin köçürülmə problemi həll olunana qədər mənim hökumətimiz məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün işləri davam etdirir. Son 20 ildə 6 milyard dollar investisiya yatırılıb və bu da məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına gətirib çıxarıb. Bu vaxta qədər 250 min məcburi köçkün evlər və mənzillərlə təmin olunmuşdur. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi yerli inteqrasiya kimi nəzərdən keçirilmir və öz torpaqlarına könüllü olaraq, təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən yeganə arzu olunan seçim kimi qəbul olunur".

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:





Xəbər lenti