Bu universitetlərə dövlət yardım edəcək

Bu universitetlərə dövlət yardım edəcək
  24 Oktyabr 2017    Oxunub:1913
““Elm haqqında” Qanunun qəbul edilməsi ilə milli qanunvericiliyimizə “tədqiqat universiteti” termini daxil edilib. Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcəkdir”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, tədqiqat universitetlərinin fundamental və tətbiqi elmi tədqiqatlar aparmaqla yanaşı, yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin kadr və elmi-informasiya təminatını həyata keçirmələri nəzərdə tutulub.

“Bildiyiniz kimi, 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkəti arasında bağlanmış müqavilə əsasında ölkəmizin 40 ali təhsil müəssisəsi “Thomson Reuters Web of Science” elmi platformasına çıxış əldə etmişdir. Bu imkan alimlərimizə dünyanın ən reytinqli elmi jurnallarına, konfrans materiallarına və monoqrafiyalarına çıxış əldə etməklə yanaşı, öz tədqiqat nəticələrinin dünya akademik ictimaiyyətinə çatdırılmasında bələdçi rolunu oynayır.

Təbii ki, əsas məqsəd alim və tədqiqatçılarımızın nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, onların tədqiqatçı statusunun gücləndirilməsi və Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsindən ibarətdir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti