Azərbaycanın İsraildən aldığı silah və hərbi texnikalar - ARAŞDIRMA

  25 Oktyabr 2017    Oxunub : 30216
Azərbaycanın İsraildən aldığı silah və hərbi texnikalar - ARAŞDIRMA

Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Ölkəmizdə silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır.

Hazırda Quru Qoşunlarımızda və Hərbi Hava Qüvvələrində İsrail istehsalı olan müxtəlif adda hərbi texnikalardan istifadə olunur.

Qeyd edək ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 11 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. Azərbaycan Ordusu arsenalındakı İsrail istehsalı olan silah və hərbi texnikaları ilk dəfə ictimaiyyətə 2008-ci ildə Bakıda keçirilən paradda təqdim edib.

Quru Qoşunlarının texnika parkına İsrail istehsalı olan AIL Storm (“Sufa”) nəqliyyat vasitəsi, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik “Atmos-2000”, “Semser” haubitsası, 120 mm-lik “Cardom” minaatanı, İMİ Shipon və “Spayk” tank əleyhinə raketlər daxildir.

Quru Qoşunların və silahlı qüvvələrin xüsusi təyinatlı qüvvələrinin silahlanmasında da İsrail istehsalı olan bəzi atıcı silahlar yer alır. Belə ki, UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfənglər xüsusi diqqət çəkir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. “Orbiter-2” aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib.

2016-cı ilin sentyabr ayından isə müəssisə “Zərbə” adlı kamikadze uçuş aparatının istehsalına başlayıb. “Zərbə” kamikadze PUA gündüz və gecə optik sensorları ilə yanaşı gövdə daxilində 2 kiloqramadək partlayıcı maddə daşıyır. PUA-nın havaya qalxması katapult vasitəsi ilə “Killer” adlı yüngül zirehli maşın üzərindən həyata keçirilir. Geri qaytarıldıqda isə eynilə “Orbiter-2”lərdə olduğu kimi paraşütdən və hava yastığından istifadə edilməklə PUA-nın təhlükəsiz enişi təmin olunur. 3 saata yaxın uçuş kanalına malik bu kamikadze PUA-nın uçuşuna kiçik kompüter vasitəsi ilə nəzarət olunur. PUA həmçinin paraşütdən və təhlükəsizlik yastığından istifadə etməklə bazasına eniş etməyi bacarır.

Müqaviləyə əsasən müəssisə Azərbaycan Silahlı Qüvvələri üçün “Orbiter-3” və “Orbiter-4” istehsal edəcək. “Orbiter-3” PUA-nın qanad açıqlığı 4.40 metr, çəkisi 30 kq, faydalı yükü 5.50 kq, sürəti 70 mil, uçuş müddəti 7 saat, uçuş məsafəsi 100 km-dən çoxdur. PUA-nın data-link bağı 150 km radiusda əlaqə qurmağa imkan verir.“Orbiter 4” mini taktik PUA 24 saat havada qalır. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA 18000 fut yüksəkliyə qalxaraq verilən tapşırıqları yerinə yetirməyi bacarır.

Azərbaycan İsraildən aprel döyüşlərində istifadə etdiyimiz “Harop” silahlarını da alıb. Eyni zamanda “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsrail istehsalıdır. “Harop” gəzən sursatları uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə mübarizə üçün nəzərdə tutulur.

“Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. Uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr təşkil edən “Harop”un çəkisi 135 kq, partlayıcı yükü 13/23 kiloqram təşkil edir. Azərbaycan aprel döyüşlərində “Harop”la uğurlu atışlar gerçəkləşdirib.


İsraildən aldığımız “Barak-8” ZRK raketinin atış mənzili 90 km, hədəfi məhv etmə yüksəkliyi isə 16000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə). “Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur. Həmçinin İsrailin şirkəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti ilə bir yerdə müəssisə təşkil edib. Yerli müəssisədə sahil mühafizə xidməti üçün gözətçi gəmilərinin istehsalı həyata keçirilir.

İsrailin “Rafael” şirkətindən alınmış “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarına inteqrasiya olunur. “Samson MLS” distans döyüş moduluna 12,7 mm və 7.62 mm-lik pulemyot, habelə iki ədəd “Spayk” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirmək mümkündür.

Ordumuz İsrailin “Elbit Systems” şirkəti ilə birgə modernizə edilmiş və aktiv müdafiə sistemi ilə təchiz edilmiş T-72SİM1 tankına sahibdir. Tankın üzərində qurulmuş lazer aşkarlayıcı lazerlə idarə olunan tank əleyhinə raketləri 360 dərəcə ətrafda 600 metr məsafədən aşkarlamağa imkan verir. Bundan sonra avtomatik şəkildə işə düşən sursat 100 metr məsafədən təhdidi məhv edir.

Bundan əlavə ötən il İsraildən “Sand Cat” maşınları alınıb. Azərbaycanın aldığı “Sand Cat”lar standart maşınlardan mina partlayışlarına qarşı qoruması ilə seçilir. Azərbaycan Silahlı Qüvvələri bu maşının ən azı 4 fərqli konfiqurasiyasını alıb. Maşınlar “Rafael” şirkətinin istehsalı olan 12.7 mm çaplı NEVT pulemyotu ilə silahlandırılmış “Mini Samson” döyüş modulu ilə komplektləşdirilib. Bəzilərinin üzərində iki ədəd “Spayk LR” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirilmiş yeni “Samson MLS” döyüş modulu qurulub. “Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır. Yüngül zirehli “Sand Cat” maşınları 4×4 təkər formuluna malikdir.

Hazırda İsrail ilə hərbi əməkdaşlağımız daha da genişlənir. Məlumatla görə, növbəti mərhələdə Azərbaycan İsraildən “Dəmir gümbəz” komplekslərinin alınmasını nəzərdə tutub. Artıq razılaşmanın olduğuna dair xəbərlər mövcuddur. Bu komplekslər Azərbaycanın hava hücumundan müdafiəsini və raket hücumlarına qarşı müdafiəsini daha gücləndirmiş olacaq.


Anar Kəlbiyev
AzVision.az

Teqlər: Azərbaycan   İsrail   Hərbi   Silah