Bakıya bu rayonlardan mənşəyi bilməyən ət gətirilir - Diqqətli olun!

Bakıya bu rayonlardan mənşəyi bilməyən ət gətirilir - Diqqətli olun!
  25 Oktyabr 2017    Oxunub:1516
2017-ci ilin əvvəlindən bu günədək respublika üzrə 15 ton mənşəyi bəlli olmayan ət aşkarlanıb.

Bunu AzVision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Nazirlik rəsmisi bildirib ki, həmin ətlər respublika baytarlıq laboratoriyasında müasir müayinələrdən keçib: “Bunların əksəriyyəti aqoniya və ya murdar olmuş vəziyyətdə gətirilmiş heyvan ətləridir. Həmin ətlərin 5 tona yaxını at ətidir. Qalanları xırda buynuzlu və iri buynuzlu heyvan ətidr. Eşşək atına isə rast gəlinməyib”.

Y.Xanvəli qeyd edib ki, mənşəyi bəlli olmayan ətlər daha çox Bərdə, Xaçmaz, Cəlilabad, Daşkəsən, Yevlax, Ağcabədi rayonlarından gətirilir. “Biz nə qədər çalışmışıq ki, həmin ətlərın nə üçün aparıldığını və harada istifadə ediləcəyini öyrənək, amma bizə məlumat verilməyib. Güman edirik ki, DİN və müvafiq qurumlar ətlərin kimlərə verilməsini araşdırıb hüquqi qiymət verəcəklər. Ötən il respublikada 70 ton mənşəyi bəlli olmayan ət aşkarlanıb. Təəssüf ki, bu adamlar mənşəyi bəlli olmayan, murdar olmuş ətləri insanlara satmağa cəhd edirlər. Bu ətlərin əksəriyyəti isə Bakıya gətirilən zaman tutulub”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, mənşəyi bəlli olmayan ətlər ən çox restoranlarda, şadlıq evlərində, bağçalar, məktəblərdə istifadə olunur.

“Xüsusən, uşaq bağçalarında əti hardan gəldi alırlar. Həmin ətlər bişirilir və uşaqlara verilir. Təəssüflər olsun ki, bu ətlər aşkarlananda hara, nə üçün aparıldığı deyilmir. Tələb olmasa təklif meydana çıxmaz”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Ət   Nazirlik  





Xəbər lenti