Zakir Qaralov OECD nümayəndələri ilə görüşüb

Zakir Qaralov OECD nümayəndələri ilə görüşüb
  25 Oktyabr 2017    Oxunub:1424
Bakı şəhərində keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin 8-ci görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və Hüquq Mühafizə Orqanları Şəbəkəsinin katibi Anka Yurma Baş Prokurorluqda olublar.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, qonaqları salamlayan Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə uğurla həyata keçirilən məhkəmə hüquq islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş qanunverici və institusional tədbirlər, “ASAN” xidmət mərkəzləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat veri, OECD ilə səmərəli əməkdaşlığın verdiyi töhfələrin önəmini vurğulanıb.

Xüsusi olaraq cari ilin 12-13 sentyabr tarixlərində Paris şəhərində keçirilmiş OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının görüşündə baş tutmuş müzakirələr nəticəsində ölkəmizə qurumun IV Monitorinq Raund Hesabatı üzrə ünvanlanmış tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsinin qeyd edilməsi vurğulanıb.

Səmimi qəbula görə minnətdarlıqlarını bildirən qonaqlar Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə 20-dən artıq ölkənin 70-ə yaxın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirin yüksək peşəkarlıqla təşkil olunmasına görə öz təşəkkürlərini bildiriblər.

OECD nümayəndələri Azərbaycanın qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi ilə uğurlu əməkdaşlığını, tövsiyələrin icrası istiqamətində göstərdiyi təşəbbüskarlığı qeyd etməklə səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının ekspert qismində digər ölkələrin fəaliyyətinin dəyərləndirilməsinə cəlb edilməsi xüsusi olaraq qeyd edilmiş, qarşılıqlı əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: Baş-Prokurorluq   Zakir-Qaralov  





Xəbər lenti