Qəzalı binada yaşayan köçkünlərə yeni mənzillər verilib

Qəzalı binada yaşayan köçkünlərə yeni mənzillər verilib
  25 Oktyabr 2017    Oxunub:2478
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində Xətai rayonunun Gəncə prospektində torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş binada məskunlaşan məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı oktyabrın 25-də Xətai Rayon İcra Hakimiyyətində püşkatma mərasimi keçirilib.
AzVision.az xəbər evrir ki, həmin layihəyə uyğun olaraq Xəzər rayonu ərazisindəki “Energetika”, Binəqədi rayonu ərazisindəki “Şəfəq” pansionatlarından sonra yuxarıda qeyd edilən ünvanda yerləşən qəzalı binada məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı bu püşkatma da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Xətai Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə keçirilib.

Əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması və digər məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb. O diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyada ən yüksək göstəricilər sırasındadır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Birinci vitse-prezident tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təməlinin qoyulması, bu yaxınlarda isə “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi”ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq işlərə başlanılması da məhz bu diqqət və qayğının nəticəsidir.

Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlərdən, qazanılan təcrübənin dünyada bir model kimi qəbul olunmasından söz açan G.Fərhadov bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son illərdə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. O sonda bildirib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşırlar.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Teymur Əzizov qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Hamı istəyir ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, torpağına qayıtsın. Dövlətimiz hər zaman bu problemi ən vacib məsələ kimi diqqət mərkəzində saxlayır. Çox yaxşı haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulurlar.

Sonra şəffaflığın tam təmin olunması, heç bir narazılıq hallarının yaranmaması məqsədilə məcburi köçkünlərə evlərin paylanmasında artıq tətbiqinə başlanılmış yeni üsulla püşkatma mərasimi keçirilib. Ailə tərkibinə uyğun şəkildə ayrı-ayrılıqda komissiya tərəfindən komplektləşdirilən birotaqlı, iki-üç və dördotaqlı mənzillərin ünvanı, mərtəbəsi, ümumi yaşayış sahəsi də əks olunan kuponlar ardıcıllıqla hər kəsin gözü qarşısında Xətai Rayon İcra Hakimiyyətinin iclas salonunun səhnəsində quraşdırılmış şüşəli barabana doldurulduqdan və məcburi köçkün nümayəndələrinin özləri tərəfindən qarışdırıldıqdan sonra işğal altındakı müxtəlif rayonlardan olan soydaşlarımız mənzillərin sayına uyğun tərtib olunmuş adlı siyahılarla püşkatma qutusuna yaxınlaşıb, ilkin mərhələdə 125 ailə yeni mənzillərə sahib olub.

Püşkatmanın şəffaf keçirildiyindən razılıqlarını bildirən və yeni mənzillərə sahib olan Rafiq Allahyarov, Nüşabə Hacıyeva, Hafizə Allahyarova və başqaları sevinclərini bölüşərək onlara göstərilən xüsusi dövlət qayğısından ürəkdolusu söhbət açıblar. Onlar bildiriblər ki, doğrudan da neçə illərdir məskunlaşdıqları bina tam qəzalı vəziyyətdə olduğundan həqiqətən çətin şəraitdə yaşayıblar. Onlar dövlətimizin başçısının məcburi köçkünlərə diqqət və qayğısına arxalanaraq hər cür çətinliyə sinə gərməklə bu günə inanıblar və bu günü səbirsizliklə gözləyiblər. Bütün bunlara baxmayaraq onlara göstərilən xüsusi dövlət qayğısından danışan soydaşlarımız bildiriblər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün məskunlaşdığımız yararsız və qəzalı vəziyyətdə olan binadan yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülmələrini əsl bayram adlandıran sakinlər bu sevinci onlara bəxş etdikləri üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az


Teqlər: Köçkün   Mənzil  





Xəbər lenti