“Tələbələrin döyüşə göndərilməsi Ermənistanın uçurumda olduğunu göstərir”

“Tələbələrin döyüşə göndərilməsi Ermənistanın uçurumda olduğunu göstərir”
  26 Oktyabr 2017    Oxunub:3527
Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Müdafiə” haqqında qanun layihəsi ilk oxunuşda qəbul edilib. Yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir. Bu qərar İrəvanda tələbələrin etiraz aksiyasına səbəb olub. Onlar müdafiə naziri Vigen Sarkisyanın təqdim etdiyi qanun layihəsini tənqid edərək, hərbi xidmətə getmək istəmədiklərini bildiriblər.
Azərbaycan Parlamentinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, tələbələrin möhlət hüququndan məhrum edilməsi Ermənistanın son həddə əl atdığını göstərir.

Millət vəkili qeyd edib ki, Ermənistanda əhali çatışmır və bu, ilk növbədə özünü silahlı qüvvələrə çağırışda göstərir: “Çoxdan məlum idi ki, cəbhə və sərhəd xəttində Ermənistan hakimiyyəti mülki əhali ilə müqavilə bağlayır və onları döyüş postunda yerləşdirir. Bu gün Ermənistanda sadəcə olaraq silah daşıyacaq əsgər və zabit çatışmır. Rəsmi 3 milyon əhalinin yarım milyonu Rusiyada çalışır. Onların da Ermənistana qayıtmaq fikri yoxdur. Bütün dünyada tələbələr cəmiyyətin intelektual sərvətidir. Onlar cəmiyyəti gələcəkdə idarə və təmsil edənlərdir. Tələbələri döyüş bölgəsinə göndərməklə Ermənistan hakimiyyəti əksinə özünə qarşı böyük bir dalğanın yaranmasına səbəb olur. İlk növbədə ali məktəb tələbələri Ermənistan ordusunda baş verən özbaşınalıqlara dözə bilməyəcək və bu baxımdan konflikt yaranacaq. Həmçinin onların valideynləri ölkə hakimiyyətinə qarşı güclü bir müxalifət formalaşdıracaqlar”.

A.Mirzəzadə vurğulayıb ki, Ermənistan hakimiyyətinin istifadə etdiyi son imkan da tükənəcək: “Bu, bir daha onu göstərir ki, Ermənistan dərin uçurumdadır. Ermənistan Dağlıq Qarabağın onun üçün ciddi problemlər yaratdığının fərqindədir. Onlar bu məsələdə dönüş etməsə, nəinki Ermənistanın müdafiə qabiliyyəti ciddi surətdə zəifləyəcək, ümumiyyətlə Ermənistan dövləti xəritədən silinəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Aydın-Mirzəzadə   Deputat   Ermənistan  





Xəbər lenti