Azərbaycanda “zombi həbi” aşkar edilib? - Rəsmi açıqlama

Azərbaycanda “zombi həbi” aşkar edilib? - Rəsmi açıqlama
  26 Oktyabr 2017    Oxunub:16757
İnsanı bir anda zombiyə çevirən və dünyada sürətlə yayılan “Flakka” adlı narkotik vasitənin qonşu Türkiyədə aşkar edilməsi ölkəmizdə narahatlığa səbəb olub. Azərbaycanda “Flakka”dan istifadə edilib-edilməməsi haqda indiyədək heç bir məlumat yayılmayıb. Buna baxmayaraq, “zombi həbi”nin qonşu Türkiyəyə kimi gəlib çıxması, Azərbaycan üçün narahatlıq yaratmağa bilməz.
Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, “Flakka”dan istifadə ilə bağlı indiyədək onlara müraciət daxil olmayıb.

““Flakka”dan istifadə edənlərə rast gəlməmişik. Bizə bununla bağlı müraciət edən olmayıb. Xəstələrlə söhbət zamanı onlar belə bir problemlə üzləşmədiklərini deyiblər.

Qeyd edim ki, sintetik narkotik vasitə stimulyator effekti yaradır. Azərbaycanda digər stimulyator olan “Metamfetamin” adlı narkotik maddənin istifadə olunması halı müşahidə edilib”.



P.Məmmədov qeyd edib ki, stimulyatorlar müxtəlif cürdür və “Flakka”nın da öznəməxsus özəlliyi var. “Bu, insanı zombiləşdirməsidir. Vanna duzuna oxşadığı üçün bu narkotik vasitəni satanlar “vanna duzu” adı ilə qablaşdırıb, asanlıqla qaçaqmalçılıq edə bilirlər. Stimulyatorlarda fiziki asılılıq olmur, yalnız psixi asılılıq olur. Psixi asılılıq da o yöndə formalaşır ki, sinir sistemini stimullaşdırır, bədənin energetik funksiyalarını sinir sistemində cəmləyir və sinir sisteminin iş qabiliyyəti artdığı üçün normanı qəbul edə bilmir. Nəticədə ondan istifadə etmədikdə depresiv vəziyyət yaranır. Bu vəziyyətdən çıxmaq üçün xəstə ilə psixoloq və psixoterapevtlər uzun müddət işləməlidir. Xəstəliyin müalicəsi çətin başa gəlir.

Bir məqamı da qeyd edim ki, dərman istifadə zamanı qanda intokfikasiya vəziyyətində olur. Çıxışda bu hal olmur, xəstə ayılır və normal vəziyyətə qayıdır. Sintetik maddədən istifadə zamanı bədən temperaturu kəskin qalxır, hətta 41 dərəcəyədək yüksəlir. Ona görə də həmin insanlar paltarlarını soyunurlar, temperaturun və sinir sisteminin stimullaşması fonunda xəstədə qeyri-adekvat hərəkətlər baş verir”.

Şöbə müdiri qeyd edib ki, hal-hazırda Narkoloji Mərkəzdə 29 448 nəfər rəsmi qeydiyyatdadır. Onlardan 612 nəfəri qadındır.

“Həmin şəxslərin əksəriyyəti inyeksiya yolu ilə narkotik istifadə edənlərdir. Bunların da 99,9 faizi heroin istifadəçiləridir. Stimulyatorlar tək yox, qatılaraq istifadə olunur və nəfəs yoluna tüstüsü sovrulur. O zaman insanda aqresivləşmə, yuxusuzluq, sutkalarla ac-susuz qalmaq, yatmamaq kimi hallar baş verir. Lakin digər sintetik narkotiklərdə məhz “Flakka”da olduğu kimi hallar olmur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Flakka   Zombi  





Xəbər lenti