Məişət zorakılığı törədənlərin məlumat bazası yaradılıb

Məişət zorakılığı törədənlərin məlumat bazası yaradılıb
  26 Oktyabr 2017    Oxunub:1339
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə ailə, qadın və uşaq məsələləri komitəsi birgə məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planına həsr olunan “dəyirmi masa” təşkil edib.
AzVision.az xəbər verir ki, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə qəbul edilmiş “Məişət zorakılığı haqqında” Qanunun əhəmiyyətinə toxunub. Bildirilib ki, bu qanun qəbul edildikdən sonra ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə məişət zorakılığına qarşı mübarizə sahəsində bir çox islahatlar həyata keçirilib. Bunların bir hissəsi qanunvericiliklə, digər hissəsi isə qanunun tətbiqi ilə bağlı idi.

Təqdirəlayiq haldır ki, həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm beynəlxalq təşkilatlar, həm milli qeyri-hökumət təşkilatları, həm də parlament bu məsələni daim gündəmdə saxlayır.

Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, məişət zorakılığı ilə bağlı bütün məsələlər hər zaman ictimaiyyəti maraqlandırır. O, bu sahədə görülən işlər və qanunvericilikdəki dəyişikliklər barədə məlumat verib. Bildirib ki, müasir zamanda məişət zorakılığı ilə mübarizədə gender bərabərliyi demokratik institutların səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biridir. Azərbaycanda məişət zorakılığı törətmiş şəxslər haqqında məlumat bazası yaradılıb ki, onlar da müvafiq tərbiyəvi, profilaktik işlər aparırlar. Zorakılıq qurbanlarına kömək məqsədilə qeyri-hökumət təşkilatları da daxil olmaqla müxtəlif kömək mərkəzləri yaradılıb. Bu cəhətdən ölkəmizdə qanunvericiliklə bağlı demək olar ki, problem yoxdur.

BMT-nin Qadın Fondunun Avropa və Orta Asiya üzrə proqram rəhbəri Katerin Volf qeyd edib ki, gender zorakılığı bütün dünyada yayılıb. Gender zorakılığı, məişət zorakılığı nə sərhəd, nə də millət tanıyır. Buna qarşı ölkə səviyyəsində müxtəlif tədbirlər görülməli, müəyyən işlər həyata keçirilməlidir. Azərbaycanda gender zorakılığına qarşı mühüm tədbirlər görülür.

“Dəyirmi masa”da mövzu ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib.

AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti