“DTX-nın keçirdiyi əməliyyat təqdir olunmalıdır” - Zahid Oruc

  26 Oktyabr 2017    Oxunub : 1265
“DTX-nın keçirdiyi əməliyyat təqdir olunmalıdır” - Zahid Oruc

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizdə sabitliyi və təhlükəsizliyi pozmaq, ictimai-siyasi qarışıqlıq yaratmaq məqsədilə 2017-ci il oktyabrın 28-də Bakı şəhərində keçiriləcək mitinqdə terror aktı törətmək istəyən şəxsləri zərərsizləşdirib.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bununla bağlı AzVision.az-a bildirib ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti çox böyük qətllər törədə biləcək qrupu zərərsizləşdirib.

Millət vəkili qeyd edib ki, rəsmi məlumatda qeyd olunduğu kimi onlar dini ekstremist olublar: “Bu ilin əvvəlində ələ keçirilmiş qrup və onların təmsilçiləri ilə bağlı vəziyyət eyni idi. Bu adamlar hansısa bir ləqəbə malikdirlər və bunlar kənarda olan hansısa şəbəkənin tərkib hissəsidirlər. Yaxın Şərqin geopalitik mühitinin Qafqaza təsir etdiyini nəzərə alaraq, hər kəs düşünürdü ki, İŞİD bayrağı endiriləndən sonra xilafət qurmaq istəyi ilə bu məkana getmiş qüvvələr hara gedəcəklər? Bu çox önəmli bir məsələ idi. Çünki ölkəmizdən də bu məkana gedənlərin sayı 900 nəfərə yaxın idi. Bunların ölən və həbs olunanlardan başqa bir neçə yüz nəfərin taleyi qeyri-müəyyən zolaqda davam edir. Bu, o deməkdir ki, geri dönüş prosesi baş verməkdədir. Onların əsas qərargahlarının yerləşdiyi Rakka şəhəri darmadağın edilib. Bu, o anlama gəlir ki, İŞİD dağıdıldıqca başını götürüb qaçanlar doğulduqları ölkəyə geri dönürlər və yaxud boşluq tapdığı yerlərə çəkilirlər”.

Komitə üzvü əlavə edib ki, burada hədəf kimi kütləvi aksiyalar keçirilən bir məkan seçilib: “Bundan öncə tutulan şəxslərin isə dövlət orqanlarına, o cümlədən parlamentə qarşı qəsd niyyətləri var idi. Təsəvvür edək ki, oktyabrın 28-də bu əməliyyatı həyata keçirmək istəyənlər öz arzularına nail olardılar. Azərbaycan əleyhinə xarici qüvvələr tərəfindən veriləcək reaksiyaların və dövlət əleyhinə informasiya basqılarının nə qədər artacağı göz önündə idi. Ona görə də Azərbaycanda fəaliyyət göstərən partiyalar və hərəkatlar, siyasi mənsubiyyətlərindən asılı olmayaraq təhlükəsizlik probleminə baxışda dövlətin yanında olmalıdırlar. Bu fəaliyyət qiymətləndirilərkən və təşəkkür edilərkən, onlar da kənarda durmalı deyillər”.

Z.Oruc vurğulayıb ki, ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürür: “Hesab edirəm ki, Azərbaycanın müvafiq beyin mərkəzlərində, siyasi institutlarında, o cümlədən təhlükəsizlik qurumlarında bu cür məsələlərlə məşğul olanlar yetərincə çoxdur. Məhz həmin insanların hesabına təhlükəsizlik xidmətinin obrazı dəyişməkdədir. Ötən gün keçirilən əməliyyat təqdir olunmalıdır və hər birimiz onlara təşəkkür edirik”.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Zahid-Oruc