Gənclər Cocuq Mərcanlıdan hərbi xidmətə yollandılar

Gənclər Cocuq Mərcanlıdan hərbi xidmətə yollandılar
  26 Oktyabr 2017    Oxunub:1944
26 oktyabr 2017-ci il tarixdə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak edib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamış, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzuladı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında çağırışçıların Cocuq Mərcanlı kəndindən həqiqi hərbi xidmətə yola salınmasının böyük əhəmiyyət daşıdığını bildirdi. R.Şirinov qeyd etdi ki, Cocuq Mərcanlının bərpası və sakinlərin geri qayıtması işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır.

Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara şərəfli xidmət arzuladı.

Daha sonra çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzuladılar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış etdi. Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

AzVision.az



Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti