Zakir Həsənov Əfqanıstan səfiri ilə görüşüb

Zakir Həsənov Əfqanıstan səfiri ilə görüşüb
  26 Oktyabr 2017    Oxunub:1279
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Taqi Xəlili ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edərək hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini deyib.

Ölkələrimizin hər zaman müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəklədiklərini diqqətə çatdıran səfir M.Xəlili Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan və Əfqanıstan Müdafiə nazirlikləri arasında Əfqanıstanlı hərbi qulluqçuların Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında sazişin qüvvəyə minməsinin əhəmiyyətini vurğulayan səfir öz ölkəsinin rəhbərliyi və xalqı adından təşəkkürünü çatdırıb.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   Əfqanıstan   Zakir-Həsənov   NATO  





Xəbər lenti