Azərbaycanda 41 siyasi partiya ləğv oluna bilər

  27 Oktyabr 2017    Oxunub : 1634
Azərbaycanda 41 siyasi partiya ləğv oluna bilər

Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 45-i Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib. Bu partiyalardan 31-nin hesabatı boş olub. Yəni, onların fəaliyyətsiz olduğu göstərilib.

Yalnız adları qeyd olunan 14 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Aydınlar Partiyası, Ədalət Partiyası həqiqətən maliyyə hesabatı təqdim ediblər. 10 siyasi partiya isə ümumiyyətlə hesabat təqdim etməyib, 31 partiyanın isə hesabatı boş kağızdan ibarət olub. Bu isə onu göstərir ki, Azərbaycanda 41 siyasi partiya fəaliyyətsizdir və onların dövlət qeydiyyatı ləğv oluna bilər.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Komitə sədri deyib ki, dəyişikliklər siyasi partiyalarda şəffaflığın artırılması, yəni maliyyə mənbələri və maliyyənin haraya sərf olunması ilə bağlıdır: “Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bəzilər isə hesabatı düzgün vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir".

Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa AzVision.az-a bildirib ki, hesabat verməyən siyasi partiyalar haqqında ölçü götürülməlidir.

“Qanunun tələblərinə əməl edilməldir. Əgər tələb olunursa, deməli, hesabat vermək lazımdır. Biz hesabat veririk. Digər siyasi partiyalar da maliyyə hesabatını təqdim etməlidir. Bu, qanunun tələbidir. Hesabat verməyənlər məsuliyyət daşıyır. Hesabat verməyən siyasi partiyaların qeydiyyatı ləğv olunmalıdır”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Partiya