Prezident iki səfirin etimadnaməsini qəbul edib - Yenilənib

  27 Oktyabr 2017    Oxunub : 851
Prezident iki səfirin etimadnaməsini qəbul edib - Yenilənib

Azərbaycan prezidenti İlham Əliyev Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braunun etimadnaməsini qəbul edib.

AzVision.az-ın xəbərinə görə, səfir Mark İnnes-Braun fəxri qarovul dəstəsinin qarşısından keçdi. Mark İnnes-Braun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında parlament üzvlərinin, nazirlər və digər səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı qarşılıqlı ticarətin artırılması üçün iqtisadi əməkdaşlıq formatının müəyyənləşdirilməsinin zəruri olduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, geniş liman şəbəkəsindən istifadə edərək yeni əməkdaşlıq sahələrinin qurulmasının mümkünlüyünü qeyd etdi. Dövlətimizin başçısı turizm sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Mark İnnes-Braun səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı işinə töhfəsini verəcək.

Avstraliya İttifaqının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark İnnes-Braun ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə etimadnaməsini təqdim etməkdən qürur hissi duyduğunu bildirdi. O, ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirərək dedi: “Avstraliya hər zaman Azərbaycanı möhkəm şəkildə dəstəkləmişdir. Biz Dağlıq Qarabağla bağlı sizin suverenliyinizi və ərazi bütövlüyünüzü dəstəkləyirik, biz sizin mövqeyinizi dəstəkləyirik”. Sonra səfir Mark İnnes-Braun ölkələrimiz arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirdi.



Dövlət başçısı bu gün həmçinin Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lars Henrik Pira Perezin etimadnaməsini qəbul edib. Səfir Lars Henrik Pira Perez fəxri qarovul dəstəsinin qarşısından keçdi. Lars Henrik Pira Perez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycanla Qvatemala arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı və ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu, ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə maraqlı olduğu bildirildi. Görüşdə, həmçinin Azərbaycanla Qvatemala arasında əlaqələrin daha da genişləndirilməsi üçün ölkələrimizin bir-birini daha yaxından tanımasının və məlumatlandırılmasının zəruriliyi qeyd olundu. Söhbət zamanı səfir Lars Henrik Pira Perez Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın günlərdə nəzərdə tutulan açılışı münasibətilə dövlətimizin başçısını təbrik etdi.

AzVision.az

Teqlər: İlham-Əliyev