CİA sənədlərində Fətəli bəy Düdənginski haqqındakı gizli məlumat – ARAŞDIRMA(FOTOLAR)

CİA sənədlərində Fətəli bəy Düdənginski haqqındakı gizli məlumat – ARAŞDIRMA(FOTOLAR)
  27 Oktyabr 2017    Oxunub:48641
1908-ci ilin iyun аyının 12-də Naxçıvanın Şərur rаyоnu Düdəngə kəndində dünyaya gələn Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski səfəvi nəslindən olub. Onun atası, Naxçıvanın Şərur rayonunun Düdəngə, Zeybə kəndlərinin bəyi Əli bəy Fətəlibəyli dövrünün hörmətli şəxsiyyətlərindən idi. Əli bəy Çar Rusiyasının vaxtında İrəvan quberniyasında zabit kimi xidmət edib. Bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli bəy qılıncı ilə onu vurmaq istəyib. Oradakı zabitlər Əli bəyi sakitləşdiriblər. Bir ay sonra isə zəhərlənərək, öldürülüb.


Atası öldürüləndə Əbdürrəhman bəyin iki yaşı olub. O, gənc yaşlarında əsgər gedib, hərbi piyada məktəbini bitirib, Azərbaycan diviziyasında zabit olub. 1935-36-cı illərdə Moskva Hərbi Akademiyasına oxumağa göndərilib. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhətilə Leyla xanım Qazıyeva ilə evlənib. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparıb və 1940-cı ilə qədər orada yaşayıblar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.

Düdənginski 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib. “Qırmızı Ulduz” ordenilə təltif olunub. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləyib. 1940-cı ilsə Sovet Ordusu hissələri Baltikyanı respublikaları işğal etikdən sonra Ə.Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilib, orada almanlara əsir düşüb. Onların tərəfində bolşeviklərə qarşı vuruşub.



Ədrürrəhman bəy Fətəlibəyli Düdənginski,xanımı Leyla Qazıyeva və övladları Əli

Müharibədən sonra АBŞ kоnqrеsinin mаliyyələşdirdiyi “Аzаdlıq” rаdiоsunun Аzərbаycаn rеdаksiyаsının, еyni zаmаndа, C.Hаcıbəyli ilə birlikdə “Аzərbаycаn” jurnаlının bаş rеdаktоru оlub. АBŞ-lа, Qərb dövlətləri ilə ciddi əlаqələr qurub, Аzərbаycаnın müstəqilliyi uğrundа mübаrizə аpаrıb.

Bu böyük şəxsiyyətin ölümü də qəribə olub. Mikayıl İsmayılov SSRİ DTK-nın casusu, “SMERŞ”in zabiti, “Müller” ləqəbli Georgi Vladimiroviçdən Düdənginskini öldürmək haqda sifariş alır. Ona bildirirlər ki, yalnız bu halda yenidən Azərbaycana qayıda biləcək. İsmayılov bir müddət bu sifarişi yerinə yetirməkdə nəinki tərəddüd edir, hətta özünün missiyası haqda Düdənginskiyə məlumat verir. Vətənpərvər insan olan və bolşevizmə nifrət bəsləyən “Abo” əvvəlcə həmyerlisini fikrindən daşındırır və birgə çalışmağa dəvət edir, belə görünür ki, o da razılaşır. Çünki hərdən mübahisələri olsa da, Əbdürrəhman bəylə İsmayılovun arasında, həqiqətən, yaxşı münasibətlər varmış. Ancaq Mikayıl sonunda dostunu öldürdüyündən, görünür, ya həqiqətən, özünü çox bacarıqlı casus kimi apararaq Fətəlibəyin etimadını qazanıbmış, ya da İsmayılovu bu qətlə vadar eləyən səbəblər qarşı tərəfin onu bu yoldan çəkindirmək üçün gətirdiyi dəlillərdən güclüymüş.



Beləcə, dostlar həmin gecə xeyli yeyib-içirlər və gecə saatlarında xanım Böhmün evinə gəlirlər. Ancaq onların iki nəfər olduğundan heç 80 yaşlı ev sahibəsi də xəbər tutmur. İsmayılov əvvəlcədən planlaşdırdığı kimi, hələ kafedə ikən usta Föstledən aldığı çəkiclə əvvəlcə daha çox içkili olan Fətəlibəylinin başından iki-üç dəfə güclü zərbə endirir, sonra da pencəyini başına salıb, boğur. Onun öldüyünə əmin olduqdan sonra, meyiti mətbəxdəki taxtın altına itələyir, özü də xanım Böhmün yanına çıxıb içki istəyir və deyir ki, mətbəxdə yatacaq. Ancaq təbii ki, qətlin törədildiyi yerə qayıtmır. Xanım Böhm də həmin gecənin səhəri taxtın altında meyit görür, polisə xəbər verir və hamı ölən adamın məhz Mikayıl İsmayılov olduğunu güman edir. Lakin bir neçə gün sonra "Azadlıq" radiosunun Azərbaycan bölməsinin redaktoru Əbdürrəhman bəy Düdənginskinin yoxa çıxması xəbəri yayılanda hamı ölən adamın məhz “Abo” olduğu qənaətinə gəlir.



Onun cənazəsi dekabrın 5-də Nyu-Uimdəki qəbristanlığa – 1954-ci ildə avtomobil qəzasından həlak olmuş qardaşı Seyfullabəy Fətəlibəylinin uyuduğu yerə gətirilir. Alman mətbuatının yazdığına görə, qəzəblənmiş azərbaycanlıları coşdurmamaq üçün polis dəfn yerindən xeyli arxada dayanıbmış. Ancaq həmyerlilərinin tabutu açmaq və meyitin həqiqətən Fətəlibəyliylə məxsus olduğunu dəqiqləşdirmək istəmələrinə rəsmi qaydaya zidd olduğu üçün, icazə verilmir. Sadəcə, iki qərib qardaşın məzarlarının yanaşı olması üçün Seyfullabəyin məzarının yeri dəyişdirilir.

AzVision.az-ın araşdırması nəticəsində məlum olub ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) arxivində saxlanılan məxfi sənəddə Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskinin fəaliyyəti ilə bağlı gizli məqamlar qeyd olunub. Sənəddə deyilir:



“Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskinin milliyəti azərbaycanlıdır. Azərbaycan Milli Komitəsinin sədri olub. Aşağıdakı bütün məlumatları şəxsin özünün ifadələrindədir.
1943-cü il, 20 iyul Nasist Almaniyasının nəşirlərindən birində qeyd olunur ki, o, Alman ordusunda Azərbaycan Legionun lideridir. Əvvəllər isə Qırmızı Ordunun Rəhbər Heyətində təmsil olunub.
1943-cü ildə Berlində Azərbaycan Konqresi tərəfindən Azərbaycan Milli Komitəsinin prezidenti seçilib. Konqresin Platforması Azərbaycanın müstəqilliyi üçün çağırılır. O, iddia edir ki, bu platforma anti-bolşevik xarakteridir, amma anti-qərb deyil”.



Məxfi sənəddə daha sonra yazılıb:

“Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski Sovetlər birliyinin hazırkı rejimini devirməyə yönəlmiş fəaliyyətlərdə iştiraka meyilli olub. İstəyir ki, Sovetlər Birliyində olan müxalif xalqlar birləşsinlər və müstəqilliyə nail olsunlar. Vətənpərvər bir qafqazlı idi. Məqəsdinə nail olmaq üçün hər şeyə hazır idi. İstəyirdi ki, SSRİ-dən olan qaçqınlar Azadlıq Ordusu adlı vahid təşkilatda birləşsinlər. İnanırdı ki, bu birləşmə Atlantika Xartiyasının prinsiplərinə əsasən əldə oluna bilər. Bu isə Sovetlər birliyindəki xalqların öz taleyini müəyyən etmək imkanlarını ehtiva edir”.



Böyük Vətən müharibəsi zamanı Sovet ordusunun tərkibində cəbhəyə göndərilən, daha sonra Alman qoşunları tərəfindən əsir götürülən Neftçala rayon Xillli Kənd sakini, 1923-cü il təvəllüdlü Malik Qurbanov AzVision.az-a açıqlamasında Ə.F.Düdənginski ilə görüşdüyünü bildirib:

“Bir dəfə Fətəli bəy Düdənginski bizi ətrafına topladı. Kənarda dayanmış alman zabitlərindən qorxmadan dedi ki, bizə nə alman, nə də sovet dövləti lazımdır. Bizə öz dövlətimiz lazımdır. Düdənginskinin bu sözlərini heç vaxt unutmaram”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Əbdürrəhman-bəy-Fətəlibəyli  





Xəbər lenti